Əbülfəs Qarayev: Regionlarda istirahət edən turistlərin sayı günbəgün artır

Əbülfəs Qarayev: Regionlarda istirahət edən turistlərin sayı günbəgün artır Paytaxt Bakı ilə yanaşı, regionlarda da istirahət edən turistlərin sayı günbəgün artır.
Bunu Şəmkir şəhərində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirədə deyib.
Ə.Qarayev bildirib ki, ölkə Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq yaradılan 15 regional mədəniyyət və turizm idarəsinin fəaliyyətinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir: "Regional idarələrin təşkili mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunmasına xidmət edir. İlin ilk 6 ayını təhlil edərkən deyə bilərik ki, həyata keçirilən islahatlar da öz uğurlu nəticələrini verməkdədir. Nəticələr onu göstərir ki, qəbul edilən qərarlar olduqca dəqiqdir. Bu da onu deməyə əsas verir ki, biz qarşıya qoyulan məqsədlərimizə vaxtında nail olacağıq”.
Nazir qeyd edib ki, həyata keçirilən islahatlar nəticəsində regionlarda mədəniyyət və turizmin inkişafı istiqamətində işlər daha da sürətlənib. Bu islahatlar həm də büdcə vəsaitlərindən daha səmərəli istifadə etməyə imkan yaradıb.
Ə.Qarayev əlavə edib ki, regionlarda turizm sənayesinin inkişafı, turizm klasterlərinin yaradılması istiqamətində atılan addımlar davam etdirilir: “İndi ölkəmizə gələn xarici turistlərin də sayı artmaqdadır. Paytaxt Bakı ilə yanaşı, regionlarda da istirahət edən turistlərin sayı günbəgün artır. Ona görə də bölgələrdə həm yerli, həm də xarici turistlərin asudə vaxtlarının təşkili işinə diqqət artırılmalıdır. Xidmət səviyyəsinin yüksəldilməsi üçün təşkil olunan treninqlərin, kursların sayı da çoxaldılmalıdır. İnsanların turizm obyektlərində rahat və mənalı istirahətinin təşkili işinə xüsusi diqqət yetirilməlidir. Regional mədəniyyət və turizm idarələri bu işlərdə yaxından iştirak etməli, turizm məkanlarında, açıq havada təşkil olunan konsertlərin, sərgilərin sayı daha da artırılmalıdır”.
O vurğulayıb ki, bütün regional mədəniyyət və turizm idarələrinin nəzdində turizm informasiya mərkəzləri yaradılmalı və Bakı Turizm İnformasiya Mərkəzi ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir.

Təhsil-press.az

Oxşar xəbərlər