Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi hərbi hissədə olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi hərbi hissədə olub Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) kollektivinin Qusar rayonunda yerləşən “N” saylı hərbi hissəyə səfəri təşkil olunub.
Səfərin keçirilməsinin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi ərəfəsində hərbçilərimizlə görüşmək, əsası AXC dövründə qoyulmuş milli ordunun ənənələrinin müasir dövrdə də qorunub saxlanıldığını, inkişaf etdirildiyini və xalqın ordu ilə birliyini bir daha nümayiş etdirməkdir.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə təşkil olunan görüşdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva qarşıdan gələn 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərimizi təbrik edib, Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu nəzərə çatdırıb.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev Cümhuriyyət dövründən başlanan müasir hərbi ənənələri, ordu quruculuğu təcrübəsini yeni bir səviyyəyə qaldırıb, müstəqil, qüdrətli ordumuzun əsasını qoyub və Azərbaycanın müstəqilliyini qorumağa qadir olan bir ordunun memarına çevrilib. Həyata keçirilmiş möhtəşəm ordu quruculuğu prosesinin nəticəsidir ki, Cümhuriyyət dövründə əsası qoyulmuş ordu Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması baxımından xalqın və dövlətin ona bağladığı ümidləri doğrultmağa qadirdir.
İdarə müdiri 2016-cı il aprelin 2-dən 5-dək mühüm strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyinin və bu yaxınlarda isə Şərur rayonunun Günnüt kəndinin 26 ildən sonra ordumuz tərəfindən azad olunmasının dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bir daha nümayiş etdirdiyini söyləyib.
Müdafiə Nazirliyinin nümayəndəsi, mayor Ramin Məşədiyev səfərə görə BŞTİ kollektivinə təşəkkür edib. R.Məşədiyev bildirib ki, Qafqazda ən müasir ordu kimi tanınan Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün tapşırıqları yerinə yetirmək iqtidarındadır. Ordunun bugünkü səviyyəyə yüksəlməsi Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olub.
Sonra paytaxt məktəblilərinin əsgərlərə ünvanladıqları məktublar onlara təqdim edilib.
Səfərdə, həmçinin “N” saylı hərbi hissənin əsgərlərinə hərb tariximizə dair suallar verilib. Qaliblər BŞTİ tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.
Daha sonra BŞTİ kollektivi tərəfindən əsgərlər üçün nəzərdə tutulmuş kitablar hərbi hissənin kitabxanasına təqdim olunub.
Sonda BŞTİ-nin əməkdaşları hərbi hissədə yaradılan şəraitlə tanış olub, əsgərlərlə xatirə şəkli çəkdiriblər.

BŞTİ-nin Mətbuat Xidməti


Oxşar xəbərlər