Bakı məktəblilərinin I Forumu keçirilib

Bakı məktəblilərinin I Forumu keçirilib İyunun 12-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Bakı məktəblilərinin I Forumu keçirilib.
Forumun təşkil olunmasının əsas məqsədi “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində istedadlı şagirdlərlə aparılan işin əhatə dairəsini genişləndirmək, gənc nəslin düzgün istiqamətdə formalaşmasına töhfə vermək, onların intellektual inkişafını diqqət mərkəzində saxlamaq, istedad və qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.
Forumda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, şagirdlər və KİV nümayəndələri iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, onların həvəsləndirilməsi, yaradıcılığa və elmə maraqlarının artırılması, nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, şagirdlərin məntiqi biliklərinin möhkəmləndirilməsi, onlara beynəlxalq və yerli olimpiadalarda iştirak təcrübəsinin qazanılması baxımından son illərdə əldə olunmuş nailiyyətlərdən bəhs edib.
M.Vəliyeva 2017-2018-ci tədris ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələri şagirdlərinin həm ölkə, həm də beynəlxalq səviyyəli müsabiqələrdə böyük nailiyyətlər qazanmasının qürurverici olduğunu bildirib. İdarə müdiri bundan sonra da bu istiqamətdəki uğurların davamlı olacağını, paytaxt məktəblilərinin bütün sahələrdə ölkəmizi layiqincə təmsil edəcəyinə əminliyini söyləyib.
Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edən İdarə müdiri qeyd edib ki, bugünkü Forumu Bakı məktəblilərinin tədris ilinin yekun hesabat tədbiri kimi də dəyərləndirmək olar.
Daha sonra məktəblilərin ifasında Forumun himni səsləndirilib.
Bakı məktəblilərinin I Forumunda şagirdlərin ifasında zəngin ədəbi-bədii kompozisiyalar nümayiş etrilib, mahnılar və rəqslər ifa olunub.
Tədbirdə ümummilli lider Heydər Əliyev və ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövlət və xalq üçün göstərdiyi xidmətlərdən, eləcə də elm, təhsil, idman, incəsənət və digər sahələr üzrə yüksək nailiyyətlər qazanmış şagirdlərin uğurlarından bəhs edən videoçarxlar nümayiş olunub.
Daha sonra Bakı məktəbliləri adından Forum iştirakçılarının müraciəti oxunub. Müraciətdə paytaxt məktəblilərini öz ətrafında birləşdirən yeni təşkilatın yaradılması təklifi irəli sürülüb.
Sonda Forum iştirakçıları qonaqlarla xatirə şəkli çəkdirib.

Tehsil-press.az

Oxşar xəbərlər