Dövlət İmtahan Mərkəzində hazırlıq kurslarına qeydiyyat aparılır

Dövlət İmtahan Mərkəzində hazırlıq kurslarına qeydiyyat aparılır Oktyabrın 17-də Dövlət İmtahan Mərkəzində (DİM) yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətinə başlayacaq.
Hər fənn üzrə kursun müddəti iki aydır. Kurslar Bakıda, Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay və Şirvan Regional bölmələrində təşkil ediləcək. Hazırlıq kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak edə bilərlər. Regional bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (1 qrupda 10 nəfər) elan ediləcək.
Kurslara qeydiyyat sentyabrın 3-dən oktyabrın 12-si saat 23.59-dək aparılır.
Hazırlıq kurslarında iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) faydalanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır.
Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları DİM-in elektron “Məlumat bazası”na daxil edilir və onlara sertifikat verilir. Onlar müqavilə əsasında ekspert və ya marker kimi DİM ilə əməkdaşlığa cəlb oluna bilərlər.
Pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyənlər ixtisasına uyğun fənn üzrə qeydiyyatdan keçə bilərlər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.
Qeydiyyat zamanı anketin təsdiqlənməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər təhsil haqqında sənədin və şəxsiyyəti təsdiqləyən sənədin əslini gətirməklə DİM-in Abdulvahab Salamzadə, 28 ünvanındakı binasının 404-cü otağına müraciət edə bilərlər (telefon nömrəsi: 431-63-86/87/91 (daxili nömrə: 1-32).
2018/2019-cu tədris ili üçün hazırlıq kurslarının qrafiki ilə DİM-in internet səhifəsində tanış olmaq mümkündür.

Mətbuat Xidməti



Oxşar xəbərlər