Paşinyan Moskvada nəyi başa düşdü?

Paşinyan Moskvada nəyi başa düşdü? Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya səfəri öncəsi ən az müzakirə olunan Qarabağ məsələsi idi. Hesab olunurdu ki, danışıqlarda daha çox Rusiya-Ermənistan münasibətlərindəki durğunluq və İrəvanın aşkar şəkildə Kremlə “buynuz” göstərməsi ətrafında olacaq.
Ancaq maraqlısı budur ki, erməni baş nazir səfərdən sonra daha çox məhz Dağlıq Qarabağ mövzusu ilə diqqət mərkəzinə gəlməyə çalışdı. Belə ki, Paşinyan prezident Putinlə görüşə saatlar qalmış Qarabağ bəyanatını verdi, həmçinin səfərin yekununda da ictimai rəyi məhz sözügedən mövzuya yönəltməyə çalışdı.
“Yeni Müsavat”ın yazdığına görə, şübhə yoxdur ki, N.Paşinyan bu yolla Rusiya-Ermənistan arasında yaşanan problemləri arxa plana keçirməyə cəhd etdi. Baş nazir bu zaman ziddiyyətli açıqlamaları ilə də gülüş obyektinə çevrildi. Belə ki, səfərdən əvvəl Rusiya prezidenti ilə hətta bir-birinin daxili işlərinə qarışmamaqla bağlı danışacağını bəyan edən Paşinyan görüşdən sonra Rusiya-Ermənistan münasibətlərinin “gözəlliyindən” danışmağa başladı. Əgər münasibətlər gözəl idisə, onda son həftələr ərzində yaşanan gərginlər nə idi?
Yaxud münasibətlərdə problem yox idisə, bəs Paşinyan Putinlə nəyi ayırd etmək istəyirdi? Şübhəsiz ki, erməni ekspertlərin dediyi kimi, Ermənistanın başına gəlsə də, onun sükanını idarə etməyi bacarmayan Nikola Moskvada bəzi məsələləri başa salıblar və “val”ı çevirib. Əks təqdirdə, o, səfəröncəsi vədlərinin üzərində dayanar və “müstəqillik davası”nı davam etdirərdi. Lakin reallığı başa düşdükdən sonra Azərbaycana yönəlik təhdidlərlə çıxış etməyə başladı, bu dəfə də “gah nala, gah mıxa vurma”sı ilə diqqət çəkdi.
N.Paşinyan gah dedi ki, “mənim nəzərimdə, Qarabağ Ermənistanın tərkib hissəsidir”. Təbii ki, Moskvada erməni əsilli iş adamları ilə görüşdə başqa söz deyə bilməzdi. Axı o, Ermənistanı səfil vəziyyətindən xilas edib hakimiyyətini uzatmaq üçün erməni iş adamlarının əlinə göz dikib. Erməni baş nazir bir az da irəli gedərək deyib ki, qarşılıqlı güzəştlər barədə danışmaq Ermənistan tərəfindən zəiflik göstərmək kimi qəbul oluna bilər, çünki Azərbaycan hələ də Ermənistanı təhdid etməkdədir. “Bizdən tez-tez Ermənistanın Qarabağ məsələsində qarşılıqlı güzəştlərə hazır olub-olmaması barədə soruşurlar. Hesab edirəm ki, bu sualı ilk növbədə Azərbaycanın özünə vermək lazımdır. Ermənistanın qarşılıqlı güzəştlərə razı olması haqqında danışmaq Azərbaycanın təhdid etdiyi şərtlərdə zəiflik nümayişi olardı. Heç kim Ermənistanla bu dildə danışmamalıdır”, - erməni baş nazir deyib.

Tehsil-press.az

Oxşar xəbərlər