“Nail 1 il cəzaçəkmə müəssisəsində qalmalı deyildi”

“Nail 1 il cəzaçəkmə müəssisəsində qalmalı deyildi” Xəbər verdiyimiz kimi, Ali Məhkəmə Baş Nazirin müavini Əli Həsənovun nəvəsi, iki nəfərin ölümünə səbəb olmuş yol qəzası törətməkdə təqsirləndirilən Nail Allahverdiyevin dərhal azad edilməsi barədə qərar çıxarıb.
N. Allahverdiyevin vəkili Muxtar Mustafayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu, tam haqlı və hətta gecikmiş qərardır:
“Adam hadisə yerindən qaçmadığı və videogörüntülər olduğu halda ona yalandan hadisə yerindən qaçma ittihamı verilmişdi. Bakı Apelyasiya Məhkəməsi həmin qərarın əsassız olduğunu isbat edib. Nail Allahverdiyev 1 il cəzaçəkmə müəssisəsində qalmalı deyildi. Birinci gündən məntəqə tipli cəzaçəkmə müəssisəsində olmalı idi.
İstənilən halda onun üçün rejimin dəyişməsinin hüquqi əsası var. Çünki o, bir il qanunda nəzərdə tutulmayan cəza alıb. Adam cəzasını çəkib. Şərti cəza veriləndə də cəzanı çəkirsən. Bu, ehtiyatsızlıqdan olan cinayət işidir. Böyütmək lazım deyil. Jurnalistlər milçəkdən fil edir”.
Xatırladaq ki, N.Allahverdiyev 2017-ci il avqustun 5-də Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələrilə ittiham edilərək, həbs olunmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsi 264-cü maddə ilə ona bəraət verib, 263.3-cü maddə ilə 6 il həbs cəzası təyin etmişdi.
Daha sonra Bakı Apellyasiya Məhkəməsi 2 avqust 2018-ci il tarixli qərarla N.Allahverdiyevin cəza müddətini 6 ildən 5 ilə endirib. O vaxta qədər həbsdə saxlandığı 11 ay 27 günü də bu müddətdən çıxıb. N.Allahverdiyevin üzərində 4 il 3 gün azadlıqdan məhrumetmə cəzası saxlayıb. Vəkili bəraət tələbilə Ali Məhkəməyə şikayət edib.

Günel Hacı

Oxşar xəbərlər