General oğluna 6 il cəza istənildi - Atası ona görə işdən çıxarılıb

General oğluna 6 il cəza istənildi - Atası ona görə işdən çıxarılıb Bu gün Binəqədi rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucovun və hadisə zamanı onun yanında olan Kənan Vəliyevlə Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Rəşad Əliyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək R.Orucovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. K.Vəliyevlə P.Abbasova isə 3 il 6 ay müddətinə cəza verilməsi istənilib.
Qeyd edək ki, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Qeyd edilməlidir ki, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.
Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Digər təqsirləndirilənlər - K.Vəliyev və P.Abbasov isə həbs edilməyib, onlar polisin nəzarətinə verilməklə azadlığa buraxılıblar.
Qeyd edək ki, R.Orucovun atası general-mayor Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini olub, bu hadisədən sonra prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad edilib.

Tehsil-press.az


Oxşar xəbərlər