Çində kosmik aparatlar üçün kiçik ion mühərriki hazırlanıb

Çində kosmik aparatlar üçün kiçik ion mühərriki hazırlanıb Çinli mühəndislər ion texnologiyalarının kosmosda tətbiqinə başlayıblar. “China Daily” nəşrinin məlumatında bu ölkənin elm adamları kosmik aparatlarda istifadə olunacaq “cib ölçüsündə” portativ ion mühərriki hazırlayıblar. Yeni ixtira kiçik peyklərin kosmik fəzada daha uzun müddət fəaliyyət göstərməsini təmin edəcək və onların təhlükəli “kosmos” tullantısına çevrilməsinin qarşısını alacaq.
Çinin Aerokosmik Elm və Texnika Korporasiyasının (CASC) nəzdində fəaliyyət göstərən Pekin İnstitutu tərəfindən hazırlanan manevrli mühərrik artıq bu ilin əvvəlində orbitə göndərilib və kiçik kosmik peyk üzərində sınaqdan keçirilib.
İon mühərriki elektrik raket motorudur və ion maddələrinin emissiyası əsasında elektrik sahəsində reaktiv çəki gücü yaradır. Qeyd olunur ki, həmin mühərrik maye metallar – sezium, indium və civə əsasında işləyir. Pekin İnstitutunun baş mühəndisi Qao Huey jurnalistlərə deyib: “Cəmi 300 qram çəkisi olan portativ ion mühərriki kosmik aparatlarda istifadə olunacaq ən əlverişli cihazdır və kiçik peyklərin təkmilləşdirilməsi proqramı çərçivəsində hazırlanır. O, böyük peyklərdə istifadə olunan kimyəvi yanacaqla işləyən reaktiv mühərriklərdən tamamilə fərqlidir. İon mühərriki sayəsində böyük yanacaq çəninə, nasoslara, ventillərə və toksik yanacağa ehtiyac qalmadan kiçik peyklərin uzunmüddətli səmərəli uçuşunu təmin etmək mümkündür”.
Alim əlavə edib ki, kosmik aparatların əksəriyyəti aşağı orbitdə statik vəziyyətdə uçur və müəyyən olunmuş yüksəklikdə qalmaq üçün lazımi aqreqatların tükənməsi ucbatından yava.-yavaş öz orbitini itirir. Həm də aparatın lazımi orbitdə uzun müddət qalması üçün elə də böyük enerji gücü tələb olunmur. Bundan başqa, hazırlanmış cihaz yüksək orbitdə yerləşən Yerin süni peyklərinin “ömrünün” uzadılmasına da kömək edəcək. Belə ki, artıq öz missiyasını yerinə yetirmiş həmin aparatlar ion mühərriklərinin sayəsində “kosmik tullantı”ya çevrilməyəcək və həmin orbitdə qalacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər