Nazirlər Kabineti: Sahibkarlıqla məşğul olma imkanlarının genişləndirilməsi əsas məqsədlərdəndir

Nazirlər Kabineti: Sahibkarlıqla məşğul olma imkanlarının genişləndirilməsi əsas məqsədlərdəndir Azərbaycanda sahibkarlıqla məşğul olma imkanlarının genişləndirilməsi əsas məqsədlərdən biri kimi müəyyən edilib.
Bunu "Azərbaycanın kənd və şəhər ərazilərində layiqli əməyin və inklüziv iqtisadi artımın təşviqi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında artan tərəqqi" adlı layihənin nəticələrinə həsr olunmuş konfransda Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin sosial məsələlər sektorunun müdiri Samirə Quliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olma sahəsində ortaya qoyulan təkliflər gələcəkdə bu istiqamətdə daha mühüm nailiyyətlərin qazanılmasına töhfə verəcək.
S.Quliyeva bildirib ki, Azərbaycanda sosial-iqtisadi siyasətin əsasını insan kapitalı hesabına davamlı iqtisadi fəaliyyətin təmin edilməsi təşkil edir: "Azərbaycanda bu istiqamətdə çox genişmiqyaslı tədbirlər həyata keçirilir. Bunun da nəticəsində böyük uğurlar əldə edilib. Ötən müddət ərzində əmək və məşğulluq sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, layiqli əməyin təmin edilməsi daim diqqətdə saxlanılıb".
Sektor müdirinin sözlərinə görə, 2016-cı ilin 6 dekabrında təsdiqlənmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın sahələri üzrə Strateji Yol Xəritəsində" məhz Azərbaycanda əmək ehtiyatlarının səmərəli istifadə edilməsi, əhalinin məşğulluqla təmin olunma, sahibkarlıqla məşğul olma imkanlarının genişləndirilməsi əsas məqsədlər kimi müəyyən edilib: "Bunların həyata keçirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Həmin tədbirlər də sabit iş yerlərinin yaradılması, gənclərin məşğulluğunun təmin olunması, qeyri-formal məşğulluğun aradan qaldırılması və gender bərabərliyinin təmin olunmasına xidmət edir".
S.Quliyeva qeyd edib ki, Azərbaycan hökuməti ötən müddətdə Beynəlxalq Əmək Təşkilatı ilə uğurla bir sıra layihələr həyata keçirib.

Tehsil-press.az

Oxşar xəbərlər