Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə sınaq imtahanı keçiriləcək

Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə sınaq imtahanı keçiriləcək Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə elektron sınaq imtahanı keçiriləcək.
Sınaq imtahanı noyabrın 20-də doktoranturaya xarici dil üzrə qəbul imtahanının modeli əsasında keçiriləcək və 2 saat 30 dəqiqə davam edəcək (dinləyib-anlama, oxuyub-anlama və dildən istifadə (leksik-qrammatik tapşırıqlar) bloklarından ibarət test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazısına 1 saat vaxt ayrılır).
Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (keçmiş Bakı Asiya Universitetinin binası) xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat noyabrın 19-u noyabr saat 14:00-dək davam edəcək. Qeydiyyatdan keçmək üçün https://eservices.dim.gov.az/elimt/DocSinaq keçidinə daxil olmaq lazımdır.
Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (bu barədə ətraflı məlumat payment.dim.gov.az internet səhifəsində verilib). “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait (60 AZN) əlavə edildikdən sonra sınaq imtahanında iştirak etmək üçün DİM-in internet saytında onlayn qeydiyyatdan keçmək lazımdır.
Koronavirus pandemiyası ilə əlaqədar sanitariya-gigiyena tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların bədən hərarətləri məsafədən ölçə bilən elektron termometrlə yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən aralı əyləşdirilməsi, həmçinin fasilə zamanı ara məsafənin saxlanılması təmin olunacaqdır.
Namizədlər imtahan başlanmazdan 1 saat əvvəl imtahan binasında olmalı və buraxılış zamanı şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər. Hər bir iştirakçı sağlamlıq haqqında bəyannaməni çap etməli və sınaq imtahanına gələrkən imzalanmış şəkildə gətirməlidir.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.

Tehsil-press.az

Oxşar xəbərlər