Pandemiya dövründə peşə təhsili üzrə 300-ə qədər videodərs hazırlanıb

Pandemiya dövründə peşə təhsili üzrə 300-ə qədər videodərs hazırlanıb Ötən il martın 30-dan etibarən peşə təhsili alan tələbələr üçün koronavirus (COVID -19) pandemiyası dövründə tədrisin distant formatda aparılması ilə yanaşı, teledərs formatında yayımlanmasına da start verilib.
Bu təşəbbüs çərçivəsində ümumilikdə 8 baza və 23 ixtisas üzrə 300-ə qədər videodərs çəkilib. Bir il ərzində həftədə iki dəfə telekanallarda yayımlanan dərslər bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsinə və dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətlənib. Peşə dərslərinin teledərs formatında yayımlanması bilavasitə tədrisin əhatəliliyinin artırılmasına dəstək verməkdədir.
Hazırda həftənin 2 günü “ARB Günəş” telekanalında yayımlanan peşə təhsili dərslərinə baxa bilməyənlər keçirilən mövzuları Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "YouTube" kanalı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin videodərs portalından (https://video.edu.az/vocational-school) izləyə bilərlər.
Qeyd edək ki, son bir il ərzində yayımlanan dərslərin bir qisminin hazırlanması prosesinə müvafiq olaraq Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti maliyyə və təşkilati dəstək göstərib.

Tehsil-press.az


Oxşar xəbərlər