Əvəzsiz müəllim - Hikmət Sabiroğlunun yazısı

Əvəzsiz müəllim - Hikmət Sabiroğlunun yazısı 1984-cü il. Sovet Ordusunda əsgərliyimin ilk çağlarıdır. Birinci dəfə qarovula çıxmışam, növbədən qayıdıb qarovulxanada qəzet oxuyuram. Qəflətən gənc zabit çəmkirir:

- Əsgər, qəzet yox, nizamnamə oxu!

Başımı sakitcə qaldırıram:

- Yoldaş leytenant, nizamnamələri əzbər bilirəm.

Duruxur:

- Necə yəni əzbər bilirəm, sən dünən gəlmisən əsgərliyə.

- Yoxlaya bilərsiniz.

Əsəbi vəziyyətdə nizamnamə kitabçalarını yan-yana düzüb bir-bir açır. Qarnizon-qarovul nizamnaməsi. Sıra nizamnaməsi. İntizam nizamnaməsi. Haradan nə sual verir, cavab alır.

Təəccüblənir.

- Hamısını orta məktəbdə öyrənmişəm.

- Məktəbdə? Rus məktəbində oxumusan?

- Yox.

- Bakılısan?

- Əyalətdənəm (Durub ona Şuşanın nə şəhər olduğunu izah eləyəsi deyildim).

Məəttəl qalır:

- Azərbaycan əyalətində belə hərbi hazırlıq dərsi keçirlər?

...Bu, əvəzsiz müəllimin, 4 nömrəli orta məktəbdə ibtidai hərbi hazırlıq dərsi verən Əvəz Məmmədovun hünəri idi...

...Ondan hələ aşağı siniflərdən çəkinirdik. Dəhlizdə qarşımıza çıxan kimi özümüzü yığışdırırdıq. Əsl sərt üzünü isə hərbi hazırlıq dərsinin keçilməyə başladığı 9-cu sinifdən gördük.

Dəxli yoxdur kimsən, kimin oğlusan, yaxşı şagirdsən, ya pis, Əvəz müəllimin dərsinə gecikə, dərsdə səs sala, dərs oxumaya bilməzsən. Çatdırmasan da, gərək cəhd elədiyini görsün, yoxsa əlindən qurtarmazsan...

Zabit yaraşığı vardı Əvəz müəllimin - boy-buxun, zəhm. Amma hərb elmini gözəl bilməsə və bunu böyük pedaqoq məharəti ilə çatdırmasa, boy-buxunun, zəhmin qiyməti olmazdı.

Tez-tez də deyirdi bunlar sizə çox lazım olacaq.

Yeri düşəndə ali hərbi məktəbdə kursantlığından, orduda qulluq elədiyi dövrlərdən xatirələr danışmasının bir ayrı dəyəri vardı.

Bəs bənzərsiz yumor hissi? Danlayanda elə sözlər tapırdı ki, özünü uğunmaqdan zorla saxlayırdın. Belə məqamlarda Əvəz müəllim beş-on saniyə imkan yaradırdı gülüb yüngülləşməyə, dərhal da ciddiləşib sinfi yenidən ələ alırdı.

Bizim uşaqlar söz götürməzdi. Amma bir nəfərin də Əvəz müəllimə cavab qaytardığını görmədim. Mümkün deyildi belə şey.

El adamıdır Əvəz müəllim. Diqqətcil. Ad günündə sənə obaşdan zəng vurar, bayramlarda səndən qabağa düşər.

Yaşlansa da, ağrısa da, bığaltı gülümsəməyi həmənkidir. 80 yaşı ərəfəsində də elə gülümsədi:

- Ə, məni qocaltma...

Son danışığımız yanvarın 21-də olub. Sinif yoldaşımız, dayağımız Oqtayın qəfil ölümündən sarsılıb zəng vurmuşdu. Yana-yana danışdı. Müəllim şagirdinə necə yanar, eləcə...

Hikmət Sabiroğlu

Tehsil-press.az

Oxşar xəbərlər