UNEC beynəlxalq konfransa ev sahibliyi edəcək

UNEC beynəlxalq konfransa ev sahibliyi edəcək Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Türkiyənin Sakarya Universiteti 2022-ci ilin may ayında UNEC-də birgə konfrans keçirəcək.
Konfransın məqsədi alim, tədqiqatçı və sənayeçiləri bir araya gətirərək təcrübə və tədqiqat nəticələrini bölüşmək, eləcə də mühəndislikdə yeni texnologiyaların, kimyəvi elmlər və texnologiyalardakı yenilikçi metodların müzakirəsini təşkil etməkdir. Konfrans proqramına bir çox sosial tədbirlər daxil olacaq ki, bu da elm adamları arasında əlaqə və fikir mübadiləsi aparmaları üçün platforma rolunu oynayacaq.
Tədbirlər planına əsasən, 3 fərqli konfransın - Kimyəvi elmlər və texnologiyalar üzrə 6-cı, Humik turşular üzrə 5-ci, Təbiət elmləri və Mühəndislikdə ixtiralar üzrə 4-cü Beynəlxalq Türk Dünyası konfranslarının eyni anda keçirilməsi nəzərdə tutulur.
Konfranslar türk dövlətləri və digər dövlətlər olmaqla 3-4 günlük elmi-praktik proqram əsasında hazırlanır.
Konfranslara dünyanın bir çox ölkələrindən, o cümlədən Ukraynadan, Bolqarıstandan, Belarusdan, Rusiyadan, Banqladeşdən, Hindistandan, İrandan, Bosniya və Herseqovinadan, Əlcəzairdən, İraqdan, Pakistandan, Özbəkistandan, Türkmənistandan, Qazaxıstandan, Türkiyədən və Azərbaycandan çoxsaylı professorlar, mühəndislər və mütəxəssislər qatılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər