Azərbaycan Dillər Universitetində “Beynəlxalq əməkdaşlıq üzrə təhsil konfransı” keçirilir

Azərbaycan Dillər Universitetində “Beynəlxalq əməkdaşlıq üzrə təhsil konfransı” keçirilir Azərbaycan Dillər Universitetinin (ADU), Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Beynəlxalq əməkdaşlıq üzrə təhsil konfransı” keçirilib. Konfransda Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya Dövlət Universitetinin məzunları olan Portuqaliya, Uruqvay, Norveç, İsrail, Qırğızıstandan professor və müəllim heyəti də iştirak edib. Konfransdan öncə ADU-nun rektoru akademik Kamal Abdulla xarici qonaqlarla görüşüb.
Konfrans “Pandemiya və postpandemiya siniflərində əlçatanlıq, bərabərlik və inklüzivliyi əks etdirən birləşmə, yenidən tənzimləmə və dərsin yenidən qurulması” mövzusuna həsr olunub.
Konfransa moderatorluq edən ADU-nun Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Səyanə Bağırova diqqətə çatdırıb ki, qloballaşma proseslərinin sürətlə davam etdiyi və texnoloji nailiyyətlərin həyatımıza nüfuz etdiyi bir zamanda müəyyən çətinliklər qaçılmazdır. Dünya təhsil sisteminə inteqrasiya etməklə gələcək liderlər yetişdirmək Azərbaycan təhsil işçilərinin ən əsas məqsədlərindən biridir. Bu konfrans təhsil işçiləri və müəllimlərin peşəkar inkişafına dəstək xarakteri daşıyır. O bildirib ki, Azərbaycan Dillər Universiteti də müəllimlərin peşəkar inkişafı və tələbələrin dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək üçün dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Konfransda postpandemiya dövründə tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin XXI əsrin tələblərinə cavab verən bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi istiqamətində dünyanın bir sıra ölkələrindən gələn professor-müəllim heyəti ilə elmi müzakirələr aparılacaq.
Açılış nitqi ilə çıxış edən rektor Kamal Abdulla konfransın ADU-da təşkil olunmasından məmnunluğunu ifadə edib. Vurğulayıb ki, konfransın mövzusu çox aktualdır. Pandemiya dövründə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də bir sıra problemlər ortaya çıxıb. Bu problemləri aradan qaldırmaq üçün yeni imkanlardan və mövcud şəraitdən səmərəli istifadənin zəruriliyi hər kəsə məlum oldu. O, konfransa xarici ölkələrdən gələn professor-müəllim heyətinin əsl multikultural dəyərlərə sadiq olan və bu dəyərləri yaşadan nümayəndələrin olmasını diqqətə çatdırıb. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan hərtərəfli inkişaf strategiyası sayəsində Azərbaycanın artıq siyasi və iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini, beynəlxalq arenada söz sahibi olduğunu deyən Kamal Abdulla regionda həyata keçirilən və dayanıqlı inkişafa hədəflənən irimiqyaslı layihələrdə Azərbaycanın əsas təşəbbüskar və iştirakçı dövlətlərdən olduğunu qeyd edib.
Bildirib ki, konfransda postpandemiya dövründə təhsil müzakirə olunacaq. “Pandemiya məngənəsində sıxılan təhsil sistemləri postpandemiya dövründən əvvəlki vəziyyətlərinə qayıda biləcəklərmi?”, “Pandemiya bizə hansı yenilikləri verdi?” kimi suallar nəzərdən keçiriləcək. İnkişafın yeni hədəflərinin elmi əsaslarının hazırlanmasının vacibliyini qeyd edən rektor konfrans çərçivəsində aparılacaq müzakirələrin və yaradılacaq tərəfdaşlıqların tələbələrin və müəllimlərin gələcək elmi inkişafında önəmli rol oynayacağına əminliyini deyib.
Akademik Kamal Abdulla diqqətə çatdırıb ki, Azərbaycan Dillər Universiteti ilə ABŞ-ın Kaliforniya Dövlət Universiteti arasında əməkdaşlığının təməli qoyulur. Belə ki, konfransın sonunda universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Bu əməkdaşlıq nəticəsində ADU-nun müəllim və tələbə heyəti Kaliforniya Dövlət Universitetində elmi təcrübələr aparmaq, müasir dövrün tələblərinə cavab verən xüsusi elmi proqramlarda iştirak etmək, öz bilik təcrübələrini zənginləşdirmək imkanı əldə edəcək.
Təhsil nazirinin müşaviri Nicat Məmmədli pandemiyadan uzaqlaşdığımız dövrdə belə bir konfransın keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, pandemiya təhsil sisteminə böyük çağırışlar verdi. Pandemiya dövrü təhsil sistemində olan boşluqları, problemləri qabartdı. Təhsildə bərabərlik və inklüzivliyin olduğunu göstərdi. Təhsil hamı üçün əlçatan olmalıdır. Əgər bir nəfər təhsildən kənarda qalırsa, bütövlükdə cəmiyyət bundan əziyyət çəkir. Pandemiya dövrü başlayan kimi Təhsil Nazirliyi teledərslərə start verdi, tədris elektron platformalar üzərindən təşkil olundu. İki dil bölməsində 11 sinifdə 12 predmet üzrə teledərslər hazırlandı. Bu prosesə 10 minlərlə müəllim cəlb olundu. Lakin yenə də təhsildə bərabərlik tam təmin olunmadı. Çünki ucqarlarda internetə çıxış qənaətbəxş deyildi, texnoloji əlçatanlıq bütün təhsilalanlar arasında bərabər paylanmamışdı. İnanıram ki, konfrans bu istiqamətdə yeni həll yollarının tapılmasına öz töhfəsini verəcək.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə məsul şəxsi Riçard Pinkham, Kaliforniya Dövlət Universitetinin Multukultural fənlər mərkəzinin direktoru professor Çarlz Zartman, Liberal fənləri üzrə koordinatoru professor Maris Tompson, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Bethani Pineqar, ABŞ-ın ölkəmizdəki səfirliyinin təhsil proqramları üzrə mütəxəssisi Ramina Mürşüdova konfransın əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, konfransda müzakirə olunan məsələlər, irəli sürülən təkliflər postpandemiya dövründə təhsilin təşkili istiqamətində aparılan işlərə yardımçı olacaq.
Sonra professor Maris Tompsonun mühazirəsi dinlənilib. Konfrans seminar müzakirələrlə davam edib.
Konfransın ikinci günündə – aprelin 26-da Kaliforniya Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Bethany Pinegar konfransın ümumi gedişatı haqqında məlumat verəcək, professor Çarles Zartmanın mühazirəsi dinləniləcək, seminar müzakirələri aparılacaq. Həmçinin Bethani Pineqarın tələbələrlə görüşü təşkil olunacaq. Bundan əlavə, professorlar Çarles Zartman və Maris Thompson tələbələrlə “Təhsilin rolu” mövzusunda müzakirələr aparacaqlar.

Tehsil-press.az


Oxşar xəbərlər