BDU-da elmi seminar: İrəvanda milli maarifçilik mühiti – İrəvan gimnaziyası

BDU-da elmi seminar: İrəvanda milli maarifçilik mühiti – İrəvan gimnaziyası Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “İrəvanda milli maarifçilik mühiti – İrəvan gimnaziyası” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə kafedranın müdiri professor Səhər Orucova İrəvan gimnaziyasının Azərbaycan milli maarifçilik mühitinin formalaşmasındakı rolunu vurğulayıb.
Məruzəçi, kafedranın doktorantı Aynurə Qurban XIX-XX əsrlərdə İrəvan ictimai-siyasi, mədəni və ədəbi mühiti fonunda İrəvan gimnaziyasının rolundan danışıb. Qeyd edilib ki, XIX əsrdə İrəvan şəhərində olduqca zəngin ədəbi mühit formalaşıb. XIX əsrin sonlarında bir müddət burada işləyən görkəmli Azərbaycan ədəbiyyatşünası və maarifçisi Firudin bəy Köçərli İrəvanı haqlı olaraq “mərkəzi-üləma, füzəla və şüəra şəhəri” (üləmalar, fazillər və şairlər şəhəri) adlandırıb. Məşhur fransız səyyahı İvan Şopenin yazdığına görə, İrəvan xanlığının ərazisində təhsil məsələləri ilə əsasən müəyyən təhsil görmüş din xadimləri məşğul olublar. Hər bir məscidin nəzdində böyük və yaxud kiçik mədrəsə fəaliyyət göstərib. Bəzi məscidlərdə adlı-sanlı müctəhidlər dərs deyiblər. İrəvan xanlığının süqutu ərəfəsində təkcə İrəvan şəhərindəki 8 məsciddə 200 şagird təhsil alıb.
Məruzəçi həmin dövrün ictimai-siyasi hadisələrinin bədii yaradıcılığa təsiri, elm, mədəniyyət sahəsində yaradıcı ziyalıların fəaliyyəti ilə bağlı məlumat verib. 1800-1920-ci illər arasında baş vermiş ictimai-siyasi hadisələrin törətdiyi fəsadlar, ermənilərin Azərbaycan elminə, incəsənətinə, mədəniyyətinə, tarixi memarlıq abidələrinə vurduğu böyük zərərlər barədə faktlar da məruzədə əksini tapıb.
Sonra suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər