"AZAL və ADY-nin apardığı siyasət mövcud normalara ziddir" - Ekspert

"Quru sərhədləri uzun müddətdir ki bağlıdır. Karantin şərtləri və tədbirləri də xeyli yumşalıb. Amma quru yolların nə zaman açılacağı ilə bağlı ağlabatan bir açıqlamalar verilməyib. Yolların bağlı olması müxtəlif fikirlərin formalaşmasına yol açır. Bəziləri bunu AZAL-ın maraqları üçün edildiyini, bəziləri təhlükəsizlik məqsədilə edildiyini, bəziləri isə daxili turizmin inkişafı üçün edildiyini və sair diqqətə çatdırırlar".
Bunu ekspert Osman Gündüz deyib.


O.Gündüz hesab edir ki, Rusiya və ya İran istiqamətində məhdudiyyətlərin mərhələli formada aradan qaldırılması, Gürcüstanla isə yolların dərhal açılması üçün şərait artıq çoxdan yetişib: "Mövcud şəraitdə bu yolların qapalı saxlanılması doğru bir yanaşma deyil, bu hal həm ciddi narazılıqlar yaradır, həm də müxtəlif sahələri inhisarda saxlayanların maraqlarına xidmət etmiş olur. AZAL-ın “ən bahalı uçuş” problemi isə uzun müddətdir ki, öz həllini tapa bilməyib. Bu porblem hazırda yenidən cəmiyyəti ciddi narahat edən məsələyə çevrilib. Müxtəlif şəhərlərdən müxtəlif istiqamətlər üzrə, İrəvan-X, Kutaisi-X, Tbilisi- X, Bakı –X istiqamətləri üzrə aviabiletlərin qiymətinin müqayisəsi AZAL-dakı durumun hədsiz dərəcədə bərbad olduğunu göstərir. Xatırlayıram ki, Prezident səviyyəsində də bu məsələyə münasibət bildirilmişdi. O zaman qısa müddət bu sahədə qayda yaradılsa da görünən odur ki, problem daha pis formada davam edir. AZAL-ın rəqabət qabiliyyətini yüksəltmək və vəziyyəti yaxşılaşdırmaq üçün yaradılan Müşahidə Şurası da görünür ki hələlik bu sahədə ciddi dönüş yaratmaqda çətinlik çəkir. Bu qurumda audit işlərinin aparılması və nəticələri haqqında da cəmiyyət məlumatsızdır. Düşünürəm ki, Müşahidə Şurası və aidiyyatı qurumlar ən ıqsa müddətdə büdcədən xeyli vəsaitlər alan AZAL-ın qiymət siyasətinə yenidən baxılması üçün ciddi addımlar atmalı, bununla bağlı hökumətə təkliflər verməlidir."
"Naxçıvana təyyarə biletləri tapılmır, uzun növbələr yaranıb, aviabiletlərin turizm şirkətlərinə satıldığı bildirilir. AZAL bu istiqamətə uçuşların da biletini bir müddət öncə qaldırıb. Təyyarələr çatışmır. Quru yollar bağlı olduğundan və Türkiyəyə birbaşa reyslərin bileti də hədsiz baha olduğundan sərnişinlər Bakı - Naxçıvan reysini seçərək Naxçıvan üzərindən Türkiyəyə keçmək istəyir. Bu səbəbdən də həmin istiqmaətdə uçuş üçün tələbat artıb və AZAL bu tələbatı ödəyə bilmir. Hökumət bu məsələyə ciddi müdaxilə etməlidir, təyyarələrin sayının artmasına diqqət yetirməli, gediş üçün seçim imkanlarını artırmalıdır." - ekspert əlavə edib.
O.Gündüz qeyd edib ki, uzun müddətdir Azərbaycanda dəmir yolunda da daxili istiqamətlərdə sərnişin daşımaları dayandırılıb: "Ölkədaxili qatarların hərəkətinin ləğv edilməsi ilə bağlı heç bir ağlabatan açıqlamalar verilməyib. Yalnız bir dəfə ADY bu haqda məlumat verib ki, yerli istiqamətlərdə sabit cərəyandan dəyişən cərəyan sisteminə keçid işləri aparılır. Bu işlər tamamlandıqdan sonra qatarların ölkədaxili fəaliyyəti bərpa ediləcək. Müşahidələr isə göstərir ki yerli dəmir yol xətləri də bərbad gündədir və aparılan yenidənqurma işləri haqıqnda heç bir açıqlama verilməyib. Nazirlər Kabinetinin rəsmi açıqlamasına görə dəmir yolu ilə sərnişin daşımasındakı problemlər Operativ Qərargahın göstərişi deyil və bu , təbii inhisar subyekti olan ADY ilə bağlıdır. Lakin iki ildir ki, yerli istiqamətlər üzrə, Bakı- Balakən, Bakı – Ağstafa, Bakı –Astara , Bakı – Qazax istiqamətləri üzrə qatarlar işləmir. Təbii inhisar subyektləri olan AZAL və ADY-nin apardığı siyasət, formalaşdırdığı mühit və cari addımları mövcud normalara ziddir. Əgər uzun illər fəaliyyət göstərən təbii inhisarçı göstərdiyi xidməti süni olaraq əngəlləyərsə, onda ölkəmiz və vətəndaşlarımız üçün daha dözülməz mühit formalaşacaq. Ümid edirəm hökumət, xüsusilə də Antiinhisar Dövlət Xidməti, RİNN və hər iki qurumun Müşahidə Şurası mövcud durumu dəyişmək üçün səylərini gücləndirəcəklər".

Tehsil-press.az



Oxşar xəbərlər