Botanika İnstitutunun alimlərinin məqaləsi nüfuzlu “Ecohydrology” jurnalında dərc olunub

Botanika İnstitutunun alimlərinin məqaləsi nüfuzlu “Ecohydrology” jurnalında dərc olunub Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun əməkdaşlarının həmmüəllifi olduğu “Şirin su yaşayış mühitlərində yosun qruplarının dinamikasına və trofik vəziyyətinə hidroekoloji nəzarət” (Hydroecological Controls on Algal Community Dynamics and Trophic Status in Freshwater Habitats) adlı elmi məqalə Wiley nəşriyyatına məxsus, hidroekologiya sahəsində yüksək nüfuza malik Ecohydrology jurnalında (WOS, Scopus, Q1) dərc olunub.

İsmayıllı rayonu ərazisində yerləşən şirin su hövzələrində yosun müxtəlifliyi və onların hidroekoloji amillərlə qarşılıqlı əlaqəsi araşdırılıb. Tədqiqatlar nəticəsində müxtəlif yosun şöbələrinə aid 25 takson müəyyən edilib, diatom yosunlarının isə dominantlıq təşkil etdiyi aşkar olunub. Palmer və Şennon indeksləri əsasında suyun trofik vəziyyəti qiymətləndirilib, yosun icmaları ilə fiziki-kimyəvi parametrlər arasında əhəmiyyətli statistik əlaqələr müəyyən edilib.. Əldə olunan nəticələr şirin su ekosistemlərinin monitorinqi, su keyfiyyətinin qiymətləndirilməsi və ekoloji idarəetmə baxımından mühüm praktiki əhəmiyyət kəsb edir. Yosun icmalarının bioindikator kimi istifadəsi suyun keyfiyyətinin operativ və dəqiq qiymətləndirilməsinə imkan yaradır. Bu nəticələr gələcək tədqiqatlar üçün regionda uzunmüddətli ekoloji monitorinqlərin aparılmasına töhfə verəcək.

Tehsil-press.az

Oxşar xəbərlər