Tələbə kreditinə müraciətlərin qəbulu davam edir

Tələbə kreditinə müraciətlərin qəbulu davam edir 2022-2023-cü tədris ilinin birinci semestri üçün təhsil tələbə kreditinə müraciətlərin qəbulu davam edir.
Abituriyent və tələbələr təhsil krediti almaq üçün notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron sistemə (www.e-ttkf.edu.az) müraciət edə bilərlər. Müraciətlərin qəbulu bayram günləri və həftəsonu da daxil olmaqla, hər gün həyata keçirilir.
Qeyd edək ki, bu, Təhsil Tələbə Kredit Fondu fəaliyyətə başladığı tarixdən etibarən sayca 3-cü semestr üçün aparılan sənəd qəbuludur. İndiyə qədər Fonda daxil olan 11 minədək elektron müraciət əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə 6800-dən çox təhsil krediti müqaviləsi rəsmiləşdirilib və müvafiq vəsaitlər təhsil müəssisəsinə ödənilib.
Təhsil tələbə kreditinin verildiyi müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir. Belə ki, təhsil krediti ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pilləsinin subbakalavriat səviyyəsində təhsil alan tələbəyə 12-19 illik verilə bilir. Təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur. Kreditin alınması üçün tələbə tədrisə tam cəlb olunaraq əyani təhsil almalıdır. Sözügedən kredit hər semestr üzrə verilir və akademik borcu olanlar bundan yararlana bilmir. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində tələbədən kredit geri tələb edilmir və faiz hesablanmır. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq edilir. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır.

Tehsil-press.az



Oxşar xəbərlər