Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciəti təkcə daxili auditoriya üçün deyil, bütün dünyaya ünvanlanmış strateji mesaj idi. 2025-ci il Azərbaycan tarixində növbəti parlaq səhifə kimi yadda qaldı. Dövlətimizin başçısının xalqa müraciətində səsləndirilən fikirlər bir daha göstərdi ki, bu il də ölkəmiz müdrik, uzaqgörən və qətiyyətli rəhbərlik sayəsində təhlükəsizlik, sabitlik və davamlı inkişaf şəraitində yaşayıb. Azərbaycan bu gün regionun deyil, bütövlükdə beynəlxalq aləmin diqqət mərkəzində olan güclü və söz sahibi dövlətdir.Bu sözləri açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərov söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin çıxışı, ilk növbədə, xalq-iqtidar birliyinin sarsılmazlığını, milli həmrəyliyin dövlətimizin əsas dayağı olduğunu bir daha təsdiqlədi. Məhz bu birlik sayəsində Azərbaycan son illərdə tarixi nailiyyətlərə imza atıb, qarşısına qoyduğu bütün strateji məqsədlərə nail olub. 2025-ci ilin uğurlu yekunları göstərir ki, ölkəmiz düzgün yoldadır və bu yolun memarı güclü siyasi iradəyə malik Prezident İlham Əliyevdir.
“Müraciətdə Zəfərin beşinci ildönümünün xüsusi vurğulanması təsadüfi deyil. Dövlətimizin başçısı bu məqamla Azərbaycan xalqının yaddaşında Qələbənin yalnız bir hərbi uğur deyil, milli kimliyin və dövlətçilik şüurunun ayrılmaz hissəsi olduğunu bir daha möhkəmləndirir. Vətən müharibəsində əldə olunan Qələbə, sadəcə, torpaqların azad edilməsi ilə yekunlaşmadı, bu Qələbə 30 illik ədalətsizliyə son qoydu, xalqın sarsılmış inamını bərpa etdi, milli ləyaqəti və dövlət suverenliyini tam mənada təmin etdi. Prezident İlham Əliyevin “bu Zəfər bizimlə əbədi olacaq” fikri Zəfərin zamanla köhnəlməyən, əksinə dövlətin gələcək inkişafına istiqamət verən ideoloji dayağa çevrildiyini göstərir.
Zəfərin ildönümünə həsr olunmuş hərbi paradın xüsusi qeyd edilməsi isə ordunun keçdiyi inkişaf yolunun canlı nümayişi kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyev bu paraddan danışarkən təkcə texnika və silahları deyil, son beş ildə aparılan sistemli ordu quruculuğu siyasətini ön plana çıxarır. Azərbaycan Silahlı Qüvvələrinin güclənməsi spontan deyil, düşünülmüş, mərhələli və milli maraqlara söykənən strategiyanın nəticəsidir. Yerli hərbi sənayenin inkişafı ilə yanaşı, müasir xarici texnologiyaların Ordunun arsenalına daxil edilməsi Azərbaycanın hərbi müstəqilliyini və çevikliyini artırıb. Xüsusi Təyinatlı Qüvvələrin genişləndirilməsi və Komando Qüvvələrinin yaradılması müasir müharibələrin tələblərinə cavab verən yanaşmanın göstəricisidir. Bu, dövlətimizin başçısının yalnız keçmiş müharibənin dərslərini deyil, gələcək təhlükəsizlik çağırışlarını da dəqiq analiz etdiyini sübut edir. Ordunun döyüş qabiliyyətinin artması, şəxsi heyətin peşəkarlığının yüksəlməsi Azərbaycanın regionda balans yaradan əsas hərbi-siyasi aktorlardan birinə çevrildiyini açıq şəkildə ortaya qoyur”, - deyə K.Qənbərov vurğulayıb.
Ekspertin sözlərinə görə, çıxışın mühüm məqamlarından biri də Prezident İlham Əliyevin “biz yeni müharibəyə hazırlaşmırıq” fikridir. Bu ifadə güclü, amma məsuliyyətli dövlət mövqeyini əks etdirir. Dövlətimizin başçısı açıq şəkildə bildirir ki, Azərbaycan müharibə tərəfdarı deyil, lakin mövcud qlobal reallıqları da görməzdən gəlmir. Beynəlxalq hüququn zəiflədiyi, güc amilinin ön plana çıxdığı bir dövrdə dövlətin öz təhlükəsizliyini təmin etməsi həyati zərurətdir. Bu yanaşma Azərbaycanın sülhsevər, lakin zəif olmayan dövlət olduğunu göstərir. Vətən müharibəsində əldə edilən Qələbənin əsas şərtləri kimi hərbçilərin qəhrəmanlığı və xalqın yumruq kimi birləşməsi xüsusilə vurğulanır. Bu, Prezident İlham Əliyevin Zəfəri yalnız Ordunun deyil, bütövlükdə xalqın Qələbəsi kimi təqdim etməsinin bariz nümunəsidir. Dövlətimizin başçısı şəhidlərin xatirəsini ehtiramla yad etməklə Qələbənin hansı qurbanlar bahasına qazanıldığını unutmur və unutdurmur. Şəhidlərin xatirəsinin “ürəklərdə əbədi yaşaması” fikri Zəfərin mənəvi ölçüsünü daha da dərinləşdirir.
2025-ci il Azərbaycanın diplomatik zəfərlərinin də ili oldu. Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Qarabağ münaqişəsi beynəlxalq gündəlikdən tamamilə çıxarıldı, Minsk qrupu tarixə qovuşdu. Ermənistanla paraflanmış sülh müqaviləsi isə Azərbaycanın qalib dövlət kimi nə qədər böyük siyasi mədəniyyətə və məsuliyyətə sahib olduğunu göstərdi. Qələbənin təkcə döyüş meydanında deyil, beynəlxalq siyasi müstəvidə də möhkəmləndirilməsi dövlətimizin başçısının müdrik liderliyinin bariz nümunəsidir. Bununla yanaşı, ölkəmizin beynəlxalq nüfuzu 2025-ci ildə daha da yüksəldi. Azərbaycanın D-8 kimi nüfuzlu beynəlxalq təşkilata üzv olması, Mərkəzi Asiya ölkələrinin Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi dövlətimizin artan hörmət və etimadının açıq göstəricisidir. Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün, Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün keçirilməsi Azərbaycanın artıq beynəlxalq dialoq və əməkdaşlıq mərkəzinə çevrildiyini sübut edir.
“İqtisadi sahədə əldə olunan nailiyyətlər isə xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, valyuta ehtiyatlarının 80 milyard dolları keçməsi, xarici borcun ÜDM-in cəmi 6,3 faizi səviyyəsinə enməsi Azərbaycanın iqtisadi müstəqilliyinin və maliyyə dayanıqlığının rəmzidir. Aparıcı beynəlxalq reytinq agentliklərinin ölkəmizin kredit reytinqini yüksəltməsi düşünülmüş iqtisadi strategiyanın məntiqi nəticəsidir.
“Böyük Qayıdış” Proqramının uğurla icrası isə humanitar və sosial siyasətin zirvəsidir. İşğaldan azad edilmiş torpaqlarda həyat yenidən canlanır, on minlərlə insan doğma yurduna qayıdır. Bu, təkcə bərpa deyil, həm də ədalətin, tarixi haqqın bərpasıdır.
Prezident İlham Əliyevin çıxışında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə verdiyi önəm bir daha göstərdi ki, dövlətimizin başçısı harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının taleyini diqqətdə saxlayır. Güclü Azərbaycan dövləti bu gün bütün soydaşlarımız üçün etibarlı dayaq və qürur mənbəyidir. Bütün bunlar sübut edir ki, 2025-ci il Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, qətiyyətli liderliyinin və xalqa sədaqətinin parlaq nəticəsi olub. Azərbaycan bu gün güclüdür, müstəqildir və inamla gələcəyə doğru addımlayır. Bu yolun başında isə xalqına arxalanan, tarix yaradan və tarixi qoruyan lider dayanır”, - deyə K.Qənbərov əlavə edib.
Tehsil-press.az






