Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziyalara müsahibəsində deyib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bəlkə də bütövlükdə ölkəyə tətbiq edilə bilər. Bu, idarəetmədə dəyişiklik anonsu hesab edilə bilərmi?
Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirdi ki, Prezident İlham Əliyevin Azərbaycan telekanallarına müsahibəsində Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modelinin perspektivdə bütövlükdə ölkə miqyasında tətbiq oluna biləcəyi ilə bağlı səsləndirdiyi fikir dövlət idarəçiliyinin gələcək trayektoriyasına dair ciddi mesajdır: “Bu yanaşma həm institusional təcrübənin nəticəsi, həm də postmünaqişə dövründə formalaşan yeni idarəetmə fəlsəfəsinin ifadəsi kimi qiymətləndirilməlidir. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən idarəetmə modeli klassik inzibati-bürokratik yanaşmadan fərqli olaraq, mərkəzləşdirilmiş strateji qərarvermə ilə çevik icra mexanizmlərinin vəhdətinə əsaslanır. Burada əsas prioritetlər təhlükəsizlik, sürətli bərpa, resursların optimal bölgüsü və nəticəyönümlü idarəetmədir. Prezidentin xüsusi nümayəndəlik institutu faktiki olaraq paralel və ağır bürokratik zəncirləri aradan qaldıran, birbaşa məsuliyyət və hesabatlılıq mexanizmi yaradan model kimi çıxış edir. Bu isə idarəetmədə vaxt itkisini minimuma endirir, qərarların icra məsuliyyətini fərdiləşdirir və dövlət siyasətinin təcrübədə real nəticələr verməsini təmin edir. Bu baxımdan, Prezidentin səsləndirdiyi fikir idarəetmədə dəyişiklik anonsu kimi də qəbul edilə bilər. Lakin bu, inqilabi deyil, təkamül xarakterli dəyişiklikdir. Burada söhbət mövcud dövlət idarəetmə sisteminin tamamilə ləğvindən deyil, daha çox səmərəli işləyən mexanizmlərin geniş miqyasda tətbiqindən gedir”.
Deputatın sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur təcrübəsi göstərdi ki, düzgün seçilmiş kadrlar, mərkəzi siyasi iradə ilə yerli icra arasında birbaşa əlaqə və institusional çeviklik qısa müddətdə ciddi nəticələr doğura bilir: “Təcrübədən çıxış etsək, belə bir idarəetmə yanaşmasının ölkə üzrə tətbiqi müsbət effekt verə bilər, lakin bu proses mexaniki şəkildə deyil, diferensial yanaşma əsasında həyata keçirilməlidir. Azad edilmiş ərazilər faktiki olaraq “idarəetmə laboratoriyası” rolunu oynayır. Burada yeni texnologiyalar, rəqəmsal həllər, planlaşdırma və nəzarət mexanizmləri sınaqdan keçirilir. Bu təcrübənin bütün ölkəyə şamil edilməsi isə regionların sosial-iqtisadi xüsusiyyətləri, yerli idarəetmə ənənələri və institusional hazırlıq səviyyəsi nəzərə alınmaqla mərhələli şəkildə aparıla bilər.
Bu prosesdə əsas müsbət effekt ondan ibarət ola bilər ki, idarəetmədə nəticəyönümlülük və məsuliyyət anlayışı güclənsin, qərarların icra məsafəsi qısalsın, məmur-vətəndaş münasibətlərində səmərəlilik artsın. Eyni zamanda, mərkəzi icra hakimiyyəti ilə yerli idarəetmə təsisatları arasında koordinasiya daha sistemli xarakter alsın. Bu isə dövlətin strateji məqsədlərinin icrasında fragmentasiya risklərini azalda bilər.
Digər tərəfdən, bu modelin uğuru siyasi iradənin davamlılığı və institusional balansın qorunması ilə birbaşa bağlıdır. Güclü mərkəzləşmə effektivlik yaratsa da, paralel olaraq nəzarət, şəffaflıq və hüquqi çərçivə mexanizmlərinin gücləndirilməsi zəruridir”.
Elçin Mirzəbəyli vurğuladı ki, beləliklə, Prezident İlham Əliyevin səsləndirdiyi yanaşma idarəetmədə dəyişiklikdən daha çox, dövlət idarəçiliyinin keyfiyyət mərhələsinin dəyişməsi ilə bağlı siyasi baxışı və iradəni ifadə edir. Qarabağ və Şərqi Zəngəzur təcrübəsi göstərir ki, düzgün qurulmuş, çevik və məsuliyyətə əsaslanan idarəetmə modeli real nəticə verir. Bu təcrübənin ölkə miqyasında tətbiqi isə müasir çağırışlar fonunda zəruri görünür. Burada əsas məsələ bu dəyişikliklərin hansı məntiq, hansı dəyərlər və hansı institusional mexanizmlər üzərində qurulacağıdır. Bu günə qədər əldə olunan təcrübə və göz önündə olan nəticələr onu deməyə əsas verir ki, idarəetmədə islahatlarla bağlı vahid baxış bucağı və yol xəritəsi var”
Tehsil-press.az














