Kraliça II Elizabetlə vidalaşmaq istəyənlərin növbəsi 6 kilometrdən çox uzanıb

Kraliça II Elizabetlə vidalaşmaq istəyənlərin növbəsi 6 kilometrdən çox uzanıb Londonda Böyük Britaniya Kraliçası II Elizabetlə vidalaşmağı arzulayanların növbəsi təxminən 4 milə qədər (6,4 kilometrə yaxın) uzanıb.
Vestminster sarayından başlayan növbə Tauer körpüsünə çatıb. Bütün marşrut boyunca Müqəddəs İonna Təcili yardım təşkilatının yüzlərlə könüllüsü növbə çəkir. Onlar saatlarla dayanmaqdan ayaqları ağrıyan insanlara ağrıkəsici dərmanlar verirlər.
Məlumata görə, yas saxlayan britaniyalılar özlərini əsasən sakit aparır, növbəyə girməyə cəhd göstərmirlər. Növbədə dayananların bəziləri hətta çadır qurub. Parlament üzvlərinə isə Kraliça ilə növbəsiz vidalaşmaq imkanı yaradılıb. Onlar özləri ilə əlavə dörd nəfər də gətirə bilərlər. Britaniyalılar vidalaşmaq üçün növbəyə Kraliçanın tabutu hələ Londona gətirilməzdən əvvəl düzülməyə başlamışdılar. Tabut Vestminster-hollda bazar ertəsi günü səhərədək qalacaq və bundan sonra II Elizabet dəfn olunacaq.
Xatırladaq ki, 96 yaşlı Kraliça II Elizabet sentyabrın 8-də Şotlandiyadakı Balmoral qəsrində vəfat edib. Onun böyük oğlu III Çarlz Britaniyanın Kralı olub.

Tehsil-press.az

Oxşar xəbərlər