İlham Əliyev İbrahim Rəisi ilə görüşdü

İlham Əliyev İbrahim Rəisi ilə görüşdü Prezident İlham Əliyevin Astanada İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.
Bu barədə Azərbaycan liderinin Mətbuat xidməti məlumat yayıb.
***
Görüşdən məmnunluğunu ifadə edən Prezident Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının İran İslam Respublikasının qonşuları içərisində ölkəsi üçün çox vacib tərəfdaş olduğunu bildirdi. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin səviyyəsindən məmnunluğunu bildirən İran Prezidenti dedi ki, İranın Azərbaycanla əməkdaşlığı hərtərəfli inkişaf etdirmək üçün ciddi niyyəti var.
Prezident İlham Əliyev Azərbaycanın Xəzər dənizində və Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirdiyini dedi.
Dövlət başçısı xüsusilə Xəzəryanı ölkələr arasında münasibətlərin dostluq əsasında inkişafından razılığını ifadə etdi.
Azərbaycanın müstəqil xarici siyasət həyata keçirdiyini vurğulayan Prezident İlham Əliyev bu il sentyabrın 12-13-də Ermənistanın regional vəziyyəti gərginləşdirmək istiqamətində təxribatlar törətdiyini diqqətə çatdırdı. Hazırda Cənubi Qafqazda sülh quruculuğu proseslərinin getdiyini deyən dövlətimizin başçısı bildirdi ki, Azərbaycan irəli sürdüyü 5 prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif edib. Dövlətimizin başçısı Ermənistan tərəfindən siyasi iradə göstəriləcəyi təqdirdə, bu istiqamətdə irəliləyişə nail olmağın mümkünlüyünə inandığını qeyd etdi.
Görüşdə İranla Azərbaycan arasında Ağbənd körpüsünün açılışının həm rəmzi, həm də böyük praktiki əhəmiyyətinin olduğu qeyd edildi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıldı.

Tehsil-press.az

Oxşar xəbərlər