Prezident İlham Əliyev: Azərbaycan ilə Latviya arasında münasibətlər yaxşı tarixə malikdir (YENİLƏNİB)

Prezident İlham Əliyev: Azərbaycan ilə Latviya arasında münasibətlər yaxşı tarixə malikdir (YENİLƏNİB) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin yaxşı tarixə və möhkəm əlaqələrə malik olduğunu vurğuladı. Prezident İlham Əliyev dünyada və regionda vəziyyətin dəyişdiyi bir şəraitdə qarşılıqlı fikir mübadiləsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı mütəmadi olaraq məsləhətləşmələrin, fikir mübadiləsinin aparılmasının və ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə möhkəmləndirilməsinin əhəmiyyətini bildirdi. Azərbaycan ilə Latviya arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə isə qarşıda mühüm vəzifələrin dayandığını vurğulayaraq, ticarət dövriyyəsinin, gələcəkdə investisiyaların artırılmasının və biznes strukturlarını cəlb etməklə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırdı. Dövlətimizin başçısı Latviyanın xarici işlər naziri Edqars Rinkeviçsin ölkəmizə səfəri zamanı bu və digər məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu dedi.
Xarici işlər naziri Edqars Rinkeviçs Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin səmimi salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycan ilə Latviya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Edqars Rinkeviçs dedi: “Prezident Raymonds Veyonis yaxın vaxtlarda Azərbaycana səfər edəcəyinə və Sizinlə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələləri müzakirə edəcəyinə ümidvardır”. Azərbaycana bundan əvvəlki səfərlərini xatırlayan Latviyanın xarici işlər naziri ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
Görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin iqtisadi, nəqliyyat, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Latviyanın Prezidentinə çatdırmağı xahiş etdi.

Təhsil-press.az

Oxşar xəbərlər