Ombudsman Azərbaycanda həbs edilən erməni diversantlara baş çəkib

Ombudsman Azərbaycanda həbs edilən erməni diversantlara baş çəkib Ombudsman Səbinə Əliyeva və Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Milli Preventiv Mexanizmin fəaliyyətinin şamil olunduğu müəssisələrə müntəzəm şəkildə başçəkmələr həyata keçirilir.
Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərlərinin 2020-ci il 10 noyabr tarixində imzaladıqları üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində terror-diversiya qrupları şəklində cinayət əməllərinin törədilməsinə görə həbs edilmiş Ermənistan vətəndaşlarının da saxlanıldığı müəssisələrə ardıcıl başçəkmələr həyata keçirilib. Başçəkmələrdə MPQ-nin ixtisasca həkim və psixoloq üzvləri də iştirak ediblər.
Ombudsman Səbinə Əliyeva və MPQ-nin üzvləri tərəfindən həmin müəssisələrdə saxlanılan digər şəxslərlə yanaşı, həbs olunmuş Ermənistan vətəndaşları da fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilib. Həmin şəxslərə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları təqdim edilib.
Başçəkmələr çərçivəsində onların saxlanma şəraiti – kameraların vəziyyəti, ölçüsü, işıqlandırma, havalandırma, şəxsi gigiyena və sanitariya şəraiti, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb.
Sistemli keçirilən başçəkmələr zamanı həmin şəxslərə münasibətdə qanunvericiliyin tələblərinə riayət edildiyi, hüquqlarının, lazımi tibbi və psixoloji xidmətin təmin olunduğu müşahidə edilib. Eyni zamanda, qəbul edilmiş şəxslərin saxlanma şəraiti, rəftar, telefon əlaqələri, yazışmalar, kənardan məlumat əldə etmək imkanlarının (televiziya, nəşrlər), tibbi xidmətin çatımlı olması ilə bağlı heç bir şikayətlərinin olmadığı müəyyən edilib. Saxlanılan şəxslər üçün kameralarda bədii ədəbiyyat və informasiya materiallarının (həmçinin öz dillərində) olması, həmin şəxslərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə də maneəsiz görüş imkanlarının yaradıldığı müşahidə olunub.
Qeyd etmək lazımdır ki, başçəkmələrlə yanaşı, həmin təqsirləndirilən şəxslərlə bağlı həyata keçirilən məhkəmə prosesləri də diqqətdə saxlanılmış, müstəqil müşahidələr aparılmışdır.
Monitorinq zamanı məhkəmə proseslərinin insan hüquq və azadlıqlarına hörmət müstəvisində, qanunvericiliyə uyğun təşkil olunduğu, həmin şəxslərin vəkillərlə və tərcüməçilərlə təmin edildiyi müəyyən olunub. Təqsirləndirilən şəxslərə və onların vəkillərinə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi imkanların yaradıldığı müşahidə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər