Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım göndərdi

Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım göndərdi Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə artıq Qaziantep hava limanına yola düşüb.
Qardaş ölkəyə göndərilən tibbi ləvazimat, avadanlıq, eləcə də isti geyimlər Heydər Əliyev Fondunun əməkdaşları tərəfindən qablaşdırıldıqdan sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna gətirilərək təyyarəyə yüklənib.
Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov hava limanında jurnalistlərə müsahibəsində deyib ki, Fondun zəlzələ bölgəsinə ezam olunan əməkdaşları humanitar yardımı Türkiyənin faciə bölgəsində zərər çəkmiş vətəndaşlara çatdıracaqlar. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.
Bununla yanaşı bildirilib ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardımın göstərilməsi barədə çağırışına dəstək məqsədilə keçirilən bu kampaniya fevralın 14-dək davam edəcək. Kampaniya zamanı RİİB könüllüləri Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində hazırda ən çox ehtiyac duyulan ləvazimatları vətəndaşlardan toplayacaq, ən qısa zamanda qablaşdıraraq qardaş ölkəyə çatdıracaqlar.

Tehsil-press.az



Oxşar xəbərlər