Yerin yaxınlığından asteroid keçəcək

Yerin yaxınlığından asteroid keçəcək İyunun 12-də (488453) 1994 XD asteroidi Yerə maksimum yaxınlaşaraq 3 milyon kilometr məsafədən keçəcək.
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, asteroid 1994-cü il dekabrın 1-də Kit-Pik rəsədxanasında aşkar olunub. O, Apollonlar ailəsinə aiddir. Bu asteroidlər Yerətrafı asteroid qrupu olub, Günəşə Yerdən daha çox yaxınlaşır və orbitləri Yer orbitinə daxil olur.
Asteroid perihelidə Veneranın orbitini də keçərək Günəşə 90 milyon kilometr yaxınlaşır. Afelidə isə Marsın da orbitini ötərək Günəşdən 630 milyon kilometr uzaqlaşır. Qeyd edək ki, ölçüsü 600-800 kilometr olan (488453) 1994 XD asteroidi Günəş ətrafında 3.59 ilə (1313 Yer sutkası), öz oxu ətrafında isə 3 saata fırlanır. Asteroidin 2005-ci ildə ölçüsü 150 metr olan kiçik peykinin də olması məlum olub. Peyklə asteroidin arasındakı məsafə 200 metrdir və peyk asteroidin ətrafında 18 saata dövr edir. (488453) 1994 XD-ün orbit müstəvisi Yerin orbit müstəvisi ilə ~4o-lik bucaq əmələ gətirir və 18 ildən bir Yerə ən yaxın məsafədən keçir (~3 milyon kilometr). Asteroidin belə yaxınlaşması onun ölçüsünün dəqiq təyin olunmasına və səthinin relyefinin xəritələşdirilməsinə şərait yaratmış olur.
Asteroid iyunun 12-si Bakı vaxtı ilə saat 02:53-də gecə göyünün şimal yarımkürəsində Qu bürcündən Sefey bürcünə keçəcək. ~14m vizual ulduz ölçüsünə malik asteriodi orta ölçülü teleskopda belə müşahidə etmək çətin olacaq.
Hesablamalar göstərir ki, asteroidin Yerlə toqquşması ehtimalı 2174-cü ilə kimi demək olar ki, 0-a yaxındır. Asteroid Yerə nəzərən sürətlidir və onun sürəti saniyədə 21 kilometrdir. Bu səbəbdən Yerin cazibəsinə düşmək ehtimalı olmadığına görə, planetimizin yaxınlığından təsirsiz ötüb keçəcək.

Tehsil-press.az


Oxşar xəbərlər