Paşinyan danışdı və sülhə hazır olmadığını göstərdi

Paşinyan danışdı və sülhə hazır olmadığını göstərdi Nikol Paşinyanın “Frans Press” agentliyinə geniş müsahibəsindən bu nəticəyə gəlmək olar ki, sözdə “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” deyən Ermənistanın baş naziri Azərbaycanla bu əsasda sülh sazişi imzalamağa hazır deyil, “Qarabağ ermənilərinin hüquqları” məsələsini gündəmdə saxlamağa çalışır. Belə olan halda sülh sazişinin imzalanması yubanacaq.
Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
“Nikol Paşinyan müsahibəsində jurnalistin Ermənistanın Ukrayna müharibəsi fonunda Rusiya ilə Qərb arasında balansı necə saxladığıyla bağlı sualına cavab olaraq deyib ki, İrəvanın illər uzun komplimentar xarici siyasəti yanlış idi: “Ermənistan üçün bu xarici siyasət kökündən yanlış idi. Bu yanlışlığın tarixi uzundur, 30 il deyil, 100 ildən də o tərəfə gedib çıxır. Ermənistan Rusiya ilə Qərb arasında deyil, 4 qonşusu – Gürcüstan, Türkiyə, İran və Azərbaycan arasında yaşayır. Biz bu qonşular arasında təhlükəsiz həyatımızı təmin etməliyik”.
Paşinyan özü-özünün ziddinə gedir. Bir tərəfdən haqlı olaraq qonşularıyla normal münasibətlərin Ermənistanın təhlükəsiz varlığı üçün əsas olduğunu bildirir, digər tərəfdən müharibə vəziyyətində olduğu qonşusu – Azərbaycanla məsələlərin həllini gecikdirir. Paşinyan müsahibəsində ermənilərin “soyqırım” kimi qələmə verdiyi olayların da Rusiya imperiyasının əlində alət olmasıyla və bu imperiyanın dağılmasından sonra Türkiyə ilə üz-üzə qalmasıyla əlaqələndirib. Əslində Paşinyan demək istəyib ki, Osmanlı Türkiyəsində yaşayan ermənilər xəyanət edərək Rusiya imperiyasının oyununa qatılıblar və nəticədə məğlub olublar. Ermənilərin radikal kəsimi yenə də Rusiyanın oyununda iştirak etdiklərindən onlar üçün nəticə fərqli olmayacaq”, - politoloq qeyd edib.

Tehsil-press.az



Oxşar xəbərlər