Bu il 28 milyon italiyalı Milad yarmarkalarına üz tutub

Bu il 28 milyon italiyalı Milad yarmarkalarına üz tutub Cari ildə 28 milyon italiyalı ənənəvi Milad yarmarkalarına üz tutub.
Bu, son illər pandemiya ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin təsiri və ən izdihamlı yerlərdən uzaq durmaq zərurətindən yaranan onlayn alış-veriş bumundan sonra ənənəvi alış-verişin bərpası deməkdir.
Əhalisinin mütləq əksəriyyətinin katoliklərdən ibarət olduğu İtaliyada Milad bayramı xüsusi təmtəraqla qeyd edilir. Ölkədə Milad mövsümü dekabrın 8-dən başlayıb. Həmin tarixdən etibarən bir çox ailələr Milad bazarlığı edir, evlərini bu bayramın əhval-ruhiyyəsinə uyğun bəzəyir, uşaqlara və yaşlılara müxtəlif hədiyyələr seçirlər. Miladın italyanlar üçün özəl yeri var, əsl ailə bayramı xarakteri daşıyır.
İtaliyanın Milli Fermerlər Konfederasiyasının (“Coldiretti”) sorğusuna görə, Milad yarmarkalarına üz tutanların yalnız 5 faizi alış-veriş etməyəcəyini bildirib. Onların 49 faizi isə vəsaitlərini Milad bəzəkləri, kiçik ev əşyaları, sənətkarlıq məhsulları, şirniyyatlar və geyimlər, qida və şərab məhsullarına xərcləyib. İtaliya, həmçinin ölkə üzrə 1200 fermer bazarında təxminən 15 min fermerin iştirak etdiyi ən böyük mütəşəkkil fermer bazarları şəbəkəsinə malik Avropa İttifaqı ölkəsidir.
Qeyd edək ki, artıq paytaxt Romanın mərkəzi meydan və küçələrində Yeni il atributları, işıqlı çilçıraqlar və digər bəzəklər quraşdırılıb. Romada turistlərin ən çox ziyarət etdiyi məkanlarından olan İspan pilləkənlərində (Piazza di Spagna) və əsas meydanlardan biri - italyan dilində hərfi mənada “Xalq meydanı”nda (Piazza del Popolo) Yeni il şam ağacları qurulub.

Tehsil-press.az

Oxşar xəbərlər