Hüseyn Abdullayev gələn ay azadlığa çıxır

Hüseyn Abdullayev gələn ay azadlığa çıxır Onun həbsdən çıxdıqdan sonra ölkədə qalıb-qalmayacağı haqda bilgi yoxdur

Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrlik etdiyi iclasda sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə qərar qəbul edilib. İclasda sabiq deputatın atasından aldığı əmlaka həbs qoyulan zərərçəkmiş Emin Bağırovun kasasiya şikayətinə baxılıb. Zərərçəkmiş tərəfdən verilən şikayət təmin olunmayıb. Qeyd edək ki, zərərçəkmiş Emin Bağırov 2008-ci ildə Hüseyn Abdullayevin atasından etibarnamə əsasında daşınmaz əmlak alıb. Məhkəmənin qərarı ilə sabiq deputatın cinayət işi üzrə həmin əmlaka həbs qoyulub. Zərərçəkən tərəf apelyasiya şikayəti verib, lakin təmin olunmadığı üçün Ali Məhkəməyə müraciət edib.

Yada salaq ki, ötən ilin fevralında Ali Məhkəmədə Emin Bağırovun şikayətinə baxılmışdı. O zaman da Emin Bağırov Hüseyn Abdullayevin atasının (Abbas Abdullayev) adına rəsmiləşdirildiyi və cinayət yolu ilə əldə olunduğu əsas gətirilərək müsadirə olunan qeyri-yaşayış sahəsi ilə bağlı kasasiya şikayəti vermişdi.

Maraqlı şəxs Bağırov Emin Yaqub oğlu ərizəsində Səbayel rayonu, Xəqani küçəsində yerləşən qeyri-yaşayış sahəsinin Abbas Abdullayevə deyil, ona məxsus olduğunu bildirib. O zaman Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən iclasda maraqlı şəxsin şikayəti təmin olunmuş, verilmiş qərara əsasən, Bakı Apelyasiya Məhkəməsinin qəbul etdiyi qərarın qeyd olunan əmlakla bağlı hissəsi ləğv edilmişdi. İş yenidən araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdi.

Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə tutularaq Bakıya gətirilib. 2019-cu ilin oktyabr ayında Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib. İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınıb. Hökmə əsasən, Hüseyn Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hüseyn Abdullayevə elan olunmuş ittihamlara gəlincə, həbsindən sonra məlum olub ki, Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatına görə, istintaq zamanı cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Hüseyn Abdullayevin iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan ərazisindən kənarda istintaqdan gizləndiyi üçün barəsində məhkəmə qərarı əsasında həbs-qətimkan tədbiri seçilməklə “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub. 3 oktyabr 2016-cı ildə Hüseyn Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb. Hüseyn Abdullayev Türkiyə ərazisində tutularaq 22 aprel 2018-ci ildə Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilib. Ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilib. Bundan başqa, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci ildə başlanmış cinayət işi üzrə Hüseyn Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Namiq Babayev və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gəlirlərin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib. Eləcə də Hüseyn Abdullayevin dəfələrlə N.Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reabilitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib. Təqsirləndirilən şəxs Hüseyn Abdullayevlə zərərçəkmiş şəxslər arasında müdafiəçisinin iştirakı ilə üzləşdirmə istintaq hərəkətləri aparılıb, eləcə də onun Azərbaycanın cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulan bütün hüquqları tam təmin edilmiş və zəruri təminatlarla əhatə olunub.

Qeyd edilən cinayət işləri üzrə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən istintaq aparılmışdı. Cinayət işinin materialları məhkəməyə göndərilərək barəsində 6 il müddətinə azadlıqdan məhrum etmə hökmü verilmişdi. Hüseyn Abdullayevin cəza müddəti 2024-cü ilin aprelin 22-də bitir. Onun həbsdən çıxdıqdan sonra ölkədə qalıb-qalmayacağı haqda bilgi yoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər