Azərbaycan və Efiopiya əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər

Azərbaycan və Efiopiya əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev Efiopiya Xarici İşlər Nazirliyinin dövlət naziri səfir Taye Astke-selassie ilə görüş keçirib.

Səfirlikdən Tehsil-press.az-a verilən məlumata görə, görüş zamanı E.Abdullayev bu vəzifəyə təyin edilməsi münasibətilə nazir T.Astke-selassieni təbrik edərək, yeni fəaliyyətində ona uğurlar arzuladı. Həmçinin səfir Azərbaycanın regionun lider dövləti olduğunu, regionda irimiqyaslı layihələrin həyata keçirilməsində məhz ölkəmizin aparıcı rol oynadığını və bir çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini efiopiyalı rəsminin diqqətinə çatdırdı.
Dövlət naziri öz növbəsində, səmimi təbrikə görə öz təşəkkürünü bildirdi. O, ölkəsinin Azərbaycanla əməkdaşlıq etməyə maraqlı olduğunu və əməkdaşlığın aparılması üçün böyük potensialın mövcudluğunu qeyd etdi.
Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı perspektivləri, o cümlədən tərəflər arasında iqtisadi, mədəniyyət və turizm, elm və təhsil sahələri üzrə əməkdaşlıq müzakirə edildi və bu münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması və hüquq-müqavilə bazasının yaradılması vacibliyi qeyd edildi. Eyni zamanda iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edildi.

tehsil-press.az

Oxşar xəbərlər