Özəl məktəblərin şagirdləri niyə maksimum bal toplaya bilmədi...

Özəl məktəblərin şagirdləri niyə maksimum bal toplaya bilmədi... Bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzi (DİM) dünən tam orta təhsil səviyyəsi (11 illik) üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini elan edib. İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Yüksək bilik nümayiş etdirən şagirdlərin 13-ü qızdır. Cəmi 1 oğlan 300 bal toplamağa müvəffəq olub.

Həmin şagirdlərin (siyahı) 6-sı Bakı, 3-ü Qəbələ, 3-ü Şəki, 1-i Abşeron, 1-i Gəncə məktəblərini təmsil edir. 300 bal toplayan şagirdlər arasında özəl orta məktəblərin heç bir məzunu yoxdur.

Rəsmi statistikaya görə, hazırda Azərbaycanda 32 özəl orta məktəb fəaliyyət göstərir. Onlardan 1-i regionda (Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksi), digər 31-i isə Bakıda yerləşir.

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumatına görə, hazırda Azərbaycandakı özəl ali məktəblərdə 20 mindən çox şagird təhsil alır. Onlardan təxminən 8500 nəfəri qızlardır.

Bu məktəblərdə 3300-dən çox müəllim çalışır. Azərbaycandakı özəl orta məktəblərdə təhsil haqları 8 min manatdan 15 min manata qədər dəyişir.

Özəl məktəblərin şagirdləri arasında maksimum nəticə göstərənlərin olmaması müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı danışan təhsil eksperti Elmin Nuri deyir ki, maksimum nəticə göstərən şagirdlərin sayının rekord həddə olması uğurdur.

"Bu istiqamətdə tədris göstəricilərinin ildən-ilə artdığına deyə bilərik. Düşünürəm ki, bu balların artmasına, nəticələrin yüksəlməsinə səbəb Dövlət İmtahan Mərkəzinin hazırladığı qəbul imtahanı proqramı, sualların mexanizmi ilə orta məktəblərdə keçirilən tədris proqramı arasında yaxınlaşmaya cəhd edilməsidir. Qəbul imtahanında DİM orta məktəblərdəki tədris proqramına istinad etsə də, onun sualları, hazırlama mexanizmi, çatdırılma forması sırf özünün qəbul imtahanı proqramına əsasında idi. Bu ikili yanaşma şagirdləri çaş-baş saldığından ötən il zəif nəticə əldə edilmişdi. Builki göstəricilər məhz həmin çaş-başlığın aradan qaldırılımasının nəticəsidir. Ancaq bu o demək deyil ki, bizim təhsilimiz bir ilin içərisində xeyli inkişaf etdi ki, maksimum bal toplayanların sayı artdı”.

Təhsil eksperti hesab edir ki, Azərbaycanda orta ümumi təhsil seqmentində özəl məktəblərin həm tədris, keyfiyyəti, həm qəbul göstəriciləri dövlətdən xeyli fərqlənir:

“Ancaq istisnalar da var. Bəli, son nəticələrdə maksimum nəticə göstərənlər dövlət məktəblərində oxuyur. Biz bunları alqışlayırıq. Ancaq son 5-10 ilin nəticələrinə nəzər yetirməliyik. Buraxlış imtahanı, qəbul imtahanlarının, nəticələri bunun belə olduğunu demir. Təbii ki, qəbul prinsipləri özəl, dövlət məktəblərinə baxmır. Bu gün özəl də, dövlət də vahid tədris proqramından istifadə edir. Amma təhsilə yanaşmada, təhsil məzmunun modern formada təşkilində, pedoqoji işin təşkilində özəl məktəblər dövlət məktəblərini qabaqlayır. Təbii burada da istisnalar var. Bir çox dövlət məktəbləri var ki, xüsusən də şəhərin mərkəzində fəaliyyət göstərən məktəb-lisey komplekslərinin, təmayüllü liseylərin, gimnaziyaların nəticələri özəl məktəbləri qabaqlayır. Amma orta statistik ümumi təhsil məktəbləri var ki, onların nəticələri hər zaman özəl məktəblərdən geri qalır. Gəlin, biz bu məsəldə tələsməyək, çünki DİM hər il olduğu kimi təqdim etdiyi statistik göstəricilər bu il hələki işıqlandırmayıb. Yalnız 3 mart tarixində keçirilən imtahanların nəticələri bizə bəllidir".

Elmin Nurinin sözlərinə görə, digər imtahanların nəticələri yekunlaşandan sonra Dövlət İmtahan Mərkəzi fundamental elmi-statistik təhliləri təqdim edir.

"Həmin təhlilərdə hər şey öz əksini tapır. 0-50 bal aralığındakı nəticələr onların cinsə görə, məktəblərə görə, regional ərazilərə görə göstəriciləri, bütün statistik vahidlər orada əksini tapır. Bizdə hələki statistika yoxdur. Mənim özəl məktəblərdə işləyən dostlarım var. Onlar öz tələbələrinin imtahan nəticələrin paylaşıblar. Onlar arasında 297, 295 və sair bal toplayanlar var. 300 balla 295 bal arasında o qədər də fərq yoxdur. Bir suala görə demək olmaz ki, özəl məktəblərdə tədris zəifdir. Bu məsələ ilə razı deyiləm. Bizdə istisna şəkildə olan lisey gimnaziyalar və digər dövlət məktəblərini çıxmaq şərti ilə orta statistik ümumitəhsil müəssisələrimiz hələki özəl orta təhsil müəssisələrinə uduzmaqdadır”.

Tehsil-press.az

Oxşar xəbərlər