Moskva ilə Bakı arasında gərginliyin pərdəarxası: Qafqazda böyük oyunu kimlər oynayır? "Türkiye Gazetesi" - dən sensasiya

Moskva ilə Bakı arasında gərginliyin pərdəarxası: Qafqazda böyük oyunu kimlər oynayır? Qafqazda təhlükəli planlar addım-addım gerçəkləşir. Türkiye Gazetesi-nin təcrübəli araşdırmaçı jurnalisti Yılmaz Bilgenin geniş məqaləsində qeyd olunur ki, Azərbaycan ilə Rusiya arasında son aylarda sürətlə dərinləşən gərginlik əslində bölgədə böyük güclərin səhnəyə qoyduğu yeni oyunun tərkib hissəsidir. Yazıda vurğulanır ki, Ukrayna müharibəsi ilə sürətlənən qlobal proseslər fonunda Türkiyə və Azərbaycanın strateji yaxınlaşması bəzi gücləri ciddi narahat edib və indi bu əməkdaşlığı pozmaq üçün müxtəlif ssenarilər işə salınıb. Məqaləyə görə "Soros" fondları başda olmaqla bir sıra Qərb mərkəzləri Qafqazda və Türk dünyasında rəngli inqilab mexanizmini aktivləşdirib. Ən önəmli hədəf isə Azərbaycandır.

Moskvada yerləşən Beynəlxalq Cinayət və Terrorizmlə Mübarizə Mərkəzinin rəhbəri Enes Karaxanov qəzetə açıqlamasında bildirib ki, İsrail Türk birliyindən narahatdır və Ankara ilə Bakının qardaşlıq münasibətlərini öz gələcək planları üçün böyük təhlükə kimi görür. Onun sözlərinə görə Zəngəzur dəhlizi və Türk Respublikaları ilə qurulan coğrafi-siyasi bağ ən çox İranı narahat etsə də Moskva ilə Bakı arasındakı son böhranda Tehranın rolu yoxdur. Əsas oyunçular tamam başqa mərkəzlərdir və hətta Rusiyanın daxilində də onlara xidmət edən qüvvələr mövcuddur. Karaxanov deyib ki, əsas məqsəd Türkiyəni Moskva ilə Bakı arasında seçim etməyə məcbur qoymaqdır. O əlavə edib ki, İsrail-Qərb ittifaqı yaxın 15-20 il üçün Türkiyə ilə Azərbaycanın çoxşaxəli əməkdaşlığını bitirmək planları hazırlayıb. Daha təhlükəli ssenari isə Rusiyanı Türkiyə ilə toqquşdurmaq və ya heç olmasa iki ölkəni uzunmüddətli gərgin vəziyyətə salmaqdır. Karaxanov bildirib ki, hazırda Soros fondları Türk dövlətlərində və Qafqazda rəngli inqilab düyməsini basıb və ilk sırada Azərbaycan dayanır. Digər hədəflərdən biri də Rusiyanın daxilində etnik gərginlik mühiti yaradaraq onu həmin inqilablara qarşı reaksiya verə bilməyəcək vəziyyətə salmaqdır. Bu səbəbdən bölgədə yeni fay xətləri yaradılır və gərginliyin daha geniş coğrafiyalara yayılaraq böyümə potensialı var.

Azərbaycanlı beynəlxalq münasibətlər üzrə ekspert Azər Həsrət də Türkiye Gazetesi-nə açıqlamasında bildirib ki, Rusiyanın Azərbaycana qarşı atdığı addımlar planlı şəkildə həyata keçirilir. O deyib ki, Moskva Gürcüstan üzərində qurduğu təsir modelini indi Azərbaycanda da tətbiq etmək istəyir, lakin Kreml Bakının siyasi iradəsinə hörmət göstərməyə məcburdur. Ekspert Azərbaycanın hərbi təyyarəsinin vurulmasının təsadüfi olmadığını, son hadisələrin də bunun davamı olduğunu bildirib. Həsrət xatırladıb ki, Rusiyada yalnız 4 milyon Azərbaycan türkü deyil, eyni zamanda Başqurt, Tatar, Yakut, Noqay, Karaçay-Balkar, Qazax, Özbək, Tıva, Qırğız, Türkmən kimi milyonlarla türk soylu da yaşayır və əgər böhran dərinləşərsə, təbii olaraq Çeçenlər başda olmaqla Rusiyanın 24 müxtəlif respublikasında yaşayan müsəlmanlar da bu prosesə qarışar. Bu isə Putinin hesabladığı çox böyük xaosa gətirib çıxara bilər.

Türkiye Gazetesi-nin araşdırmasında qeyd edilir ki, artıq Rusiyada 50-dən çox Azərbaycan türkü işgəncələrdən keçib, onlardan ikisi həyatını itirib. Bakı isə açıq şəkildə göstərib ki, Kremlin aqressiyası davam edərsə cavab verməkdə tərəddüd etməyəcək. Ekspertlər hesab edir ki, Azərbaycan-Rusiya münasibətləri bu proses nəticəsində ciddi zədələnib və yaxın vaxtlarda əvvəlki vəziyyətinə dönməsi real görünmür. Bütün bunlar göstərir ki, Qafqazda oynanan oyun təkcə Bakı ilə Moskva xətti üzərində deyil, bütövlükdə Türk dünyasının gələcəyini hədəfə alan böyük qlobal ssenarilər çərçivəsində cərəyan edir.

Məqalənin tam variantı bu linkdə:

Tehsil-press.az

Oxşar xəbərlər