Səmərəli təlimin yolu uşaqları öyrənməkdən və onlardan öyrənməkdən keçir

Səmərəli təlimin yolu uşaqları öyrənməkdən və onlardan öyrənməkdən keçir “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq bütün nailiyyətlərimizə görə, məktəbə, müəllimə borcluyuq”.
H.Əliyev
Uşaqlar gələcəyin, müəllimlər isə uşaqların memarlarıdır.
K.Atatürk

Şagirdlər sistemə deyil, sistem şagirdlərə uyğunlaşdırılmalıdır. Ənənəvi təhsil sistemində dərsin təşkili və gedişi, uşaqların dərs və tənəffüs müddətindəki davranışına dair müəyyən qaydalar sistemi var idi ki, uşaqlar ciddi şəkildə bu sistemə uyğunlaşdırılırdı. Bu tələblərə uyğunlaşanlar oxuyur, uyğunlaşmayanlar passiv dinləyiciyə və ya sadəcə iştirakçıya çevrilir ya da təhsildən yayınırdılar. Lakin bu qayda-qanunlar şagirdlərin iştirakı və rəyi olmadan pedaqoqlar, metodistlər, psixoloqlar, təhsili idarə edən səlahiyyətli şəxslər tərəfindən nəzəri müddəalar əsasında orta statistik şagirdə nəzərən yaradılırdı. Şagirdlər bu sistemə icbari qaydada uyğunlaşdırılır, başqa sözlə desək, qəlibləşdirilirdilər. Əslində məzmun, təlim strategiyaları, qiymətləndirmə və s. “Uşaqlar üçün necə daha yaxşı olar?” prinsipi əsasında qurulmalı idi. Başqa sözlə, sistem şagirdlərə uyğunlaşdırılmalı idi. Əslində təlim prosesi və onun məzmunu şagirdlərin inkişaf xüsusiyyətləri, real imkanları, tələbatları və maraq sahələri öyrənilərək və nəzərə alınaraq qurulmalıdır.
Ənənəvi təhsildən bəzi halları nəzərdən keçirək:
1. Uzun müddətdir ki, ədəbiyyat fənni şagirdlərə xronoloji ardıcıllıqla öyrədilirdi. Uşaqlar kiçik ikən onlara ərəb, fars, dilimizdə az və ya heç işlədilməyən sözlərlə zəngin, dərin və çoxmənalıyozumu olan klassik ədəbiyyat (Nizami, Füzuli, Nəsimi və s.), uşaq böyüdükcə isa daha sadə və anlaşıqlı dildə olan müasir ədəbiyyat (S.Vurğun, M.Müşfiq və s.) tədris edilirdi. Bunun müəyyən ədəbi varislik səbəbləri olsa da, uşaqların mənimsəməsi və dərk etməsi baxımından əlaqələndirməni başqa cür də qurmaq olardı.
2. İkinci sinif dərsliyində bizim məktəb illərimizdən bu günə qədər olan bir mövzu var. Orada şagirdlərə avtobusa daxil olan orta yaşlı bir qadına (mövzuda şəkil vardır) durub yer vermək fikri aşılanır. Uzun illər dərs deyən bir müəllim kurikulum tətbiq edilən sinifdə bu mövzunu keçərkən uşaqlardan biri münasibətini belə ifadə edib: “Müəllim, biz avtobusa tək minmirik. Valideynimizlə minəndə də başqaları durub bizə yer verirlər. Avtobusda ayaq üstə durmaq bizim üçün daha təhlükəlidir”. Uşaqlara ədəb qaydaları da yaşlarına uyğun öyrədilməlidir. 2-ci sinif şagirdlərinə böyüklərə hörmət hissini başqa nümunələrdə aşılamaq daha məqsədəuyğundur. Öyrədilən məzmuna öyrənənin münasibətini nəzərə almaq çox vacib və əhəmiyyətlidir.
3. Uşaqlar lap kiçik yaşlarından fəza fiqurlarının bənzərini həyatda görür, onlarla təmasda olur, onları formasına, ölçüsünə, məkandakı vəziyyətinə və s. görə asanlıqla fərqləndirə bildikləri halda, həndəsə fənni onlara 14 yaşında və daha çox mücərrəd olan müstəvi elementlərindən başlayaraq öyrədilirdi. Misal üçün: nöqtə - ölçüsü yoxdur, düz xətt – uzunluğu sonsuzdur, eni də yoxdur və s. Fənnin şagirdlər tərəfindən mənimsənilməməsi bu yanaşmanın məntiqsizliyini təkzib olunmaz şəkildə təsdiq edir. TQDK-nın sınaq və imtahanlarında həndəsədən son dərəcə asan məsələlər salınsa belə, onlara müraciət 15-20% həddini aşmırdı. Düzgün cavabların faizi isə daha az idi (2000-2002-ci illər). Monitorinqlər göstərmişdir ki, fənn kurikulumları ilə dərs keçilən siniflərdə uşaqların 80%-i həndəsə məzmun xəttinə aid olan məzmunu asanlıqla mənimsəyirlər. Şərhə eytiyac varmı?
Müasir şagird 30-40 il bundan əvvəlki şagird deyil. İndiki uşaqlar “müəllimin çörək yediyindən” əmindirlər. Pedaqoqlar, metodistlər bunu nəzərə almalı, təklif verərkən öz uşaqlıq çağlarına istinad etməməlidirlər.
İndi əksər şagirdlər telefondan, komputer, internet və s. texnoloji vasitələrdən öz müəllimindən daha yaxşı istifadə edirlər. Bəzən müəllimin mövzuya dair bildiyi dərslikdə yazılanla məhdudlaşdığı halda, şagirdlər telefon, kompüter vasitəsi ilə internetdən daha maraqlı və dolğun məlumatlar əldə edirlər.
Uşağa nəyi öyrədək? Uşağı necə öyrədək? Kim öyrətsin? Uşağın necə öyrənməsi daha səmərəlidir? Əslində elə etmək lazımdır ki, öyrənmək uşaq üçün rahat və maraqlı olsun. Kurikulumun şagirdyönümlülük prinsipi tam şəkildə gerçəkləşmədikcə təlimdə keyfiyyət dəyişikliyinə nail olmaq indiki dövrdə mümkünsüz görünür. Uşaqlardan öyrənmək lazımdır ki, onlar necə öyrənmək istəyirlər. Uşaq hansı şəraitdə, hansı məzmun üzərində, hansı sürətlə daha rahat və güvənli inkişaf edirsə, ona həmin şəraiti yaratmaq lazımdır. İnkişafı stimullaşdıran maraqdır. Marağı olmayan uşaq inkişafa can atmayacaq. Uşaqları maraqlandırmaq üçün onları öyrənmək lazımdır.
2010-cu ildə ibtidai sinif müəllimlərinə fənn kurikulumlarının tətbiqi ilə bağlı təlimlər keçmək üçün bölgələrin birinə getmişdik. Təlimin 4-cü günü idi. Mən bəzi hallarda uşaqlardan soruşmalı və onlardan öyrənməli olduğumuzu vurğuladım və ənənəvi təhsildə buna az diqqət yetirildiyini dedim. Həmin günə qədər çox passiv olan yaşlı bir sinif müəllimi söz istədi və dedi ki, “Mən 50 illik müəllimlik fəaliyyətimin sonunda anladım ki, uşaqlardan öyrənsəydim uşaqları daha yaxşı öyrədə bilərdim. Bir mövzunu həmişə adət etdiyim üsulla öyrədirdim, uşaqlar dərsi pis mənimsəyəndə eyni üsulla təkrar başa salırdım. Növbəti dəfə həmin mövzuda yoxlama yazı işlərini yoxlayanda şagirdlərdən birinin misalları başqa üsulla həll etdiyini gördüm. Həmin yoxlama işindən uşaqların nəticələri həmişəki kimi zəif idi. Səhəri gün şagirddən bu üsulu haradan öyrəndiyini soruşdum. Şagird “Müəllim, mənim üçün belə hesablamaq daha rahat idi” dedi. Mən bu dəfə mövzunu uşaqlara həmin üsulla başa saldım və uşaqlar çox rahat qavradılar. Bəzi şeyləri uşaqlardan soruşmalı, öyrənməli olduğumu müəllimlik fəaliyyətimin sonunda dərk etdiyimə təəssüf edirəm. Biz başqa məktəbin müəllimləriyik”.
Ənənəvi təhsildə uşaq məzmunu öyrənirdi ki, münsif olan müəllim qarşısında cavab versin, bildiyini nümayiş etdirsin. Bir növ cavabdeh tərəf qismində çıxış edirdi. Biz onun nə öyrəndiyinə baxmaq və qiymətləndirmək istəyirdik. Əslində nə cür öyrəndiyini (öyrənmə üslubunu) bilmirdik və bu bizi maraqlandırmırdı. Bu zaman şagirdin öyrəndiyi məlumatları mexaniki şəkildə ifadə etməsi kifayət idi.
Uşaqların daha yaxşı öyrənmələrini təmin etmək üçün onları öyrənmək lazımdır. Onları daha yaxşı öyrənmək üçün onlara özlərini sərbəst şəkildə ifadə etmək imkanı verilməlidir. Bunun bir yolu da onlara öyrədən rolunun təklif edilməsidir. “Uşaqlardan öyrənmək lazımdır” ifadəsininmənası, həm də uşaqlara öyrədən rolunun təklif ediləsini özündə ehtiva edir. Şagirdlərin təlimdə cavabdeh tərəf kimi deyil, öyrədən tərəf kimi çıxış etmələrində də bir məntiq var. Bu onların marağını, stimulunu, məsuliyyətini və emosionallığını da yüksəldir. Uşaqlar öyrətməyə meyillidirlər. Kuklalarını, bacı-qardaşlarını, əllərinə fürsət düşəndə valideynlərini və müəllimlərini belə öyrətməyə həvəs göstərirlər.
30.03.2016. ARTPİ. Hümanist Pedaqogika Mərkəzinin nümayəndələrinin toplantısında ibtidai sinif müəlliminin etirafı. “Sinifdə uşaqlarla “Kolobok” mövzusu üzrə işləyirdik. Dəhlizdən gələn səs səbəbindən bir anlıq sinfi tərk etdim və dərhal da geri döndüm. Cəmilə adlı (ad şərtidir) şagirdi yerimdə oturmuş və uşaqlara göstərişlər verən gördüm. Mən çox təəccübləndim və ona yerinə keçməsini söylədim. Uşaq acizanə şəkildə ona davam etməsi üçün imkan verməyimi və mənim özümün də partada əyləşib dinləməyimi xahiş etdi. Uşaqlar həvəslə onun dediklərinə əməl edirdilər. Mən məzmunu və eyni adlı cizgi filmindəki mahnını həmişə uşaqlara fərdi şəkildə və fraqmentlərlə ifa etdirirdim. Cəmilə başqa tərzdə dərs keçirdi, mahnını da uşaqlara xorla oxutdu və onlar çox xöşbəxt görünürdülər. Mən həqiqətən çox maraqlı bir mənzərənin şahidi oldum”. Düşünürəm ki, uşaqların yaradıcı təxəyyülünü fəallaşdırsaq onlardan çox şeylər öyrənə bilərik.
Şagirdin istiqamətlənməsini (ustanovkasını) dəyişsək ona cavabdeh rolunu deyil, bildiklərini yoldaşlarına öyrədən rolunu təklif etsək onun təfəkkür strukturunda dəyişiklik baş verəcək və yeni keyfiyyət yaranacaqdır. Öyrətmək üçün əsaslandırmaq, izah etmək, əlaqələndirmək lazım gəldiyindən hafizədəki məlumatlar arasında səbəb-nəticə əlaqələri yaranacaq, sadədən mürəkkəbə nizamlanma, məntiqi ardıcıllıq, başqa sözlə yeni quruluş formalaşacaq. Şagird əslində öyrəndiyinin məğzini yeni, daha mükəmməl keyfiyyətdə dərk edəcək. Bu səbəbdəndir ki, başqasını öyrədərkən, izah edərkən insan əslində özü daha yaxşı dərk edir. Bildiklərini əsaslandırır, zəif və qüvvəli tərəflərini ayırd edir. Beynində başqa funksiyalar işə düşür, emosionallıq və təxəyyül zəminində hər iki yarımkürənin fəaliyyəti əlaqələnir. Yeni səviyyədə dərketmə baş verir.
Uşaqların rəyini, münasibətini həmişə öyrənmək lazımdır. Onların təfəkkürləri çevik, zehinləri aydın, maraqları böyük, təxəyyülləri “qanadlı”, həssas, münasibətləri səmimi, fikirləri sadə, düşündüklərini ifadə etmək tərəddüdsüz, nitqləri aydın, potensialları böyükdür. Onlar həssas, yeniliklərə açıqdırlar və səhv etməkdən qorxmurlar. Biz böyüdükcə və psixoloji baxımdan qəlibləşdikcə bu xüsusiyyətlərin çoxunu itiririk. Bunları yenidən uşaqlardan öyrənməyimizdə böyük fayda vardır. Həm də indiki uşaqları qəlibə salmaq elə də asan deyil. Onlar qəlibə salınmaqdansa təhsildən yayınmağa üstünlük verirlər. Şagirdləri müasir tələblər baxımından təhsilləndirmək üçün biz də qəliblərdən çıxmağa çalışmalıyıq. Uşaqlardan öyrənəcəyimiz çox şey var.
Qəlibləşmə dedikdə tərbiyə, milli, mənəvi, ümumbəşəri və dini dəyərlərin mənimsənilməsini deyil, stereotip düşüncə, davranış, yanaşma, əsassız mühafizəkarlıq və s. nəzərdə tutulur.
Hər hansı bir təhsil sistemi uşaqları düşüncə, davranış, münasibət və s. sahələrdə qəlibə salmağa cəhd edərsə, onların inkişafını ləngidər, genetik olan inkişaf meylini məhdudlaşdırar və ya təhsildən yayındırar. Maraqlıdır ki, böyük alimlərin bir çoxu həyatda “uşaq xarakterli” olublar. İnsan böyüdükcə uşaqlığından nə qədər çox şeyi özündə saxlayırsa bir o qədər böyük insan olur.
Uşağı genetik xüsusiyyətlər zəminində inkişafını əsasən təhsil müəssisələri- pedaqoji mühit və yaxın çevrəsi – ailə, qohum-əqraba, dostlar, KİV - ətraf mühit təmin edirdi. 30-40 il əvvəlki ətraf mühit uşağın inkişafının təqribən 10-15%-ni, pedaqoji mühit - məktəb isə 85-90%-ni təmin edirdi. Müasir dövrdə ətraf mühit uşaqları əvvəlkindən daha çox inkişaf etdirir. Biz gözümüzü açanda bir şeylər görmüşdük, indiki uşaqlar başqa şeylər görürlər, onlar fərqli şəkildə və daha dinamik templə formalaşırlar. İnternet və texnoloji avadanlıqlar onların yaxın çevrəsini, virtual unsiyyət dairəsini xeyli genişləndirmiş və fərqli informasiya mənbələrini onlara əlçatan etmişdir. 1 yaşında uşaq telefonun sensor ekranında böyüklərdən daha cəsarətli hərəkətlər edir və dəyişikliyə nail olur.
Müəyyən sahələrdə psixi funksiyaların sürətində, çevikliyində və təzahür səviyyəsində oğulların atalarını ötməsi həmişə təbii qarşılanmışdır. İndiki texnoloji inkişaf mühitində bəzi sahələrdə bu ötmənin sürətlənməsi və daha erkən yaşlarda təzahür etməsi təbii deyilmi? Elmi cəhətdən nə qədər mübahisəli olsa da “İndiqo uşaqlar” anlayışının yaranması səbəbsiz deyildir. Düşünürəm ki, bundan sonra uşaqlardan öyrənməyənlərin sonrakı inkişafı ləngiyəcəkdir.
Müəllim uşaqla səmimi ünsiyyətdə olmaq üçün boyunu, səs tonunu və tembrini, işlədəcəyi ifadələri, mimikasını və bədən dilini uşağa uyğunlaşdırmalıdır. Məsələn: lazım gəldikdə boyunu uşağın boyu səviyyəsinə bərabərləşdirmək üçün əyilməli, onun anlayacağı tərzdə və onun leksikonuna uyğun şəkildə danışmalı, emosional vəziyyətini duyub nəzərə almalıdır. Bu zaman informasiya və emosional mübadilə daha optimal olur.
2015-ci ildə İngiltərənin bir məktəbində 240 şagird arasında aparılan sorğuların nəticələri əsasında formalaşan hesabatdan bir hissəni nəzərdən keçirək:
Hər bir şagirdi maraqda saxlamağın və onu öyrənməyə hazır etməyin hər zaman bir yolu vardır. “Bunun yolu nədir?”, deyə bəzi müəllimlər maraqla soruşurlar. Bunun yolu şagirdlərdən soruşmaqdır. Bəli onlardan soruşun. Onlardan necə öyrəndiklərini öyrənin. Bu qədər sadə" [1].
Qeyd edilən tədqiqatın nəticələr hissəsinə nəzər salaq.
Şagirdlər nə istəyir?
1.Sinif yoldaşları ilə birgə çalışmaq
Şagirdlər, sinifdə edilən hər şeyi dialoqun vasitəsiylə olmasını üstün tuturlar və bunu maraqlı və həyəcanverici olduğunu düşünürlər. Qarşılıqlı ünsiyyət sinifdəki gərgin atmosferi yumşaldır və şagirdləri təlim prosesinə cəlb edir.
2.Texnolojivasitələrdən istifadə etmək
Youtube, Facebook, Twitter və s. kimi vasitələrin yarandığı rəqəmsal bir dövrdə yaşayırıq. Bunların hamısı şagirdlərin günlük həyatlarının bir parçasına çevrilib. Şagirdlər texnoloji vasitələrdən istifadə edərək anlayışları və məlumatları daha aydın şəkildə anlaya bilirlər.
3.Dərsin məzmununun həyatla əlaqələndirilməsi
Müəllim ibtidai icma dövrü, orta əsrlər haqqında danışdıqdan sonra “Bu hadisələrin günümüzlə hansı əlaqəsi ola bilər?” sualını verməklə şagirdləri düşünməyə təhrik edir. Daha sonra həmin hadisələrin şagirdlərin həyatı ilə əlaqələndirilməsini təklif edərək onları hərtərəfli düşünməyə sövq edir.
4.Bir şeyi sevərək etmək
Şagirdlərdə maraq yaradan dərslik və əyani vasitələr deyil, müəllimdir! Müəllim şagirdlərə nəsə öyrətmək istəyirsə, nitqini bir qədər ehtiraslı, emosiyalı etməlidir. Emosionallıq yadda saxlamanı, təfəkkürü və təxəyyülü canlandıraraq mənimsəmənin keyfiyyətini yüksəldir. Öyrənilənlərin həyatda harada tətbiq olunmasına dair örnəklər marağı və stimulu yüksəldir.
5.Parta arxasından çıxmaq
Şagirdlər partda arxasında oturarkən deyil, aktiv olduqları zaman daha dərindən öyrənə bilirlər. Məsələn, tarix dərsində iki qrup arasında müzakirə gedirsə, bunun parta arxasında olması vacib deyildir.
6.Əyaniliyin təmin edilməsi
Dərs İKT, audio və video vasitələrlə keçirilərsə, müxtəlif şəkillər, karikatura və videolar nümayiş etdirilərsə, öyrənmə asanlaşar və daha maraqlı olar. Yazı materialının çox olması şagirdlərin canını sıxar və dərsə marağı azaldır
7.Şagirdlərə seçim hüququ verin
Tədqiqat mövzusunun seçimində şagirdlərin sərbəst olmaları daha yaxşıdır. Sevdikləri bir şeyi araşdırıb öyrəndikdə daha yaradıcı olur və zövqü oxşayan layihələr hazırlayırlar.
8.Uşaqları duyun və anlayın
Fikirlərini dilə gətirmələri üçün şagirdləri cəsarətləndirin, çünki şagirdlərinizdən nə öyrənəcəyinizi əsla bilə bilməzsiniz. Müəllim şagirdləri ilə adi bir şagird kimi davranmamalı, daim onlardan da nəsə öyrənə biləcəyini düşünməlidir. Sinif bir ailə kimi olmalıdır. Bu halda uşaqlar çətinə düşündə əl qaldırıb kömək istəməkdən çəkinməyəcəklər. Müəllim şagirdlə əməkdaşlıq etmək istəyirsə, onun qabiliyyətinə güvənməli, ona dost kimi yanaşmalıdır.
9.Dərsi rəngarəng edin
Monoton dərs şagirdləri yorur və öyrənmək onlara maraqlı olmur. Məzmunu müxtəlif oyunlar vasitəsi ilə öyrənmək, imkan olduqda onu səhnələşdirmək, bəzən yumor vasitəsi ilə nəyisə çatdırmaq daha məqsədəuyğundur.
10.Öncə insaniyyət
" Bəzən özünüz də əylənməyi unutmayın."
"Gerçək budur ki, hər şagird fərqli bir şey istəyir və bu normaldır. Hər bir şagirdi maraqda saxlamağın və onu öyrənməyə hazır etməyin hər zaman bir yolu vardır. “Bunun yolu nədir?”, deyə bəzi müəllimlər maraqla soruşur. Diqqətli olun, cavab verəcəyəm. Hazırsınızmı? Bunun yolu şagirdlərdən soruşmaqdır. Bəli onlardan soruşun. Onlardan necə öyrəndiklərini öyrənin. Bu qədər sadə".
P.S.
Bugünkü uşaq “Şngülüm-Şüngülüm-Məngülüm” nagılını dinləyərkən “Baba, nağıl olduğu üçün keçinin danışmasını başa düşürəm və buna gülmürəm, ancaq ağzında su ola-ola keçinin danışmasını heç başa düşmürəm” deyirsə, biz nə etməliyik! Axı uşaq babasının özünün bu nağıla inanmasına təəccüb və təəssüf edərək başını yelləyir. İndi siz deyin biz kimə, nəyi və necə öyrətməliyik?!

E.B.Bəylərov, psixologiya üzrə
elmlər doktoru. ARTPİ, İstedadlı
uşaqlarla iş şöbəsinin müdiri



Səmərəli təlimin yolu uşaqları öyrənməkdən və onlardan öyrənməkdən keçir

Oxşar xəbərlər