Enerjili biznesmen, susqun millət vəkili... - Ağalar Vəliyev yenidən seçiləcək?

Enerjili biznesmen, susqun millət vəkili... - Ağalar Vəliyev yenidən seçiləcək? Ağalar Vəliyev parlament seçkilərində yenidən namizəd olub. Bu dəfə onun namizədliyi 57 saylı Xaçmaz şəhər dairəsindən irəli sürülüb. Hazırda altıncı çağırış Milli Məclisin deputatı olan A.Vəliyev beş il əvvəl 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən millət vəkili seçilib.

A.Vəliyev “əməkdar” millət vəkillərindəndir. O, 2010-cu ildən davamlı deputat seçilir. A.Vəliyev ilk dəfə 2010-cu ildə dördüncü çağırış Milli Məclisin deputatı olub. Daha sonra beşinci və altıncı çağırış Milli Məclisin deputatı seçilib.

A.Vəliyevin dördüncü dəfə də deputat seçilmək ehtimalı yüksək görünür, lakin qeyd edək ki, bir siyasətçi kimi Vəliyevin fəaliyyəti görünmür. Ara-sıra seçiciləri ilə görüş təşkil edən A.Vəliyev ölkəmizdə daha çox biznes fəaliyyətinə görə tanınır.

O, Azərbaycanın tikinti maqnatlarından biridir. A.Vəliyevin peşəsi də tikinti mühəndisidir və əmək fəaliyyətinə başladığı 1976-cı ildən bəri tikinti fəaliyyətindən uzaqlaşmayıb. 1991-ci ildən Körpü tikinti kombinatının baş direktoru, 1993-cü ildən 2 saylı "Yoltəmirtikinti" trestinin rəisi, 1996–1998-ci illərdə isə "Azəraqrartikinti" Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışıb. "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir.

Qeyri-rəsmi məlumatlara əsasən isə Vəliyev Azərbaycanın ən böyük özəl tikinti şirkətlərindən olan “Kristal Abşeron MTK”nın sahibidir.

Bu adla 2003-cü ildən fəaliyyət göstərən şirkətin benefisiarı məhz Vəliyevdir. A.Vəliyevin rəhbərlik etdiyi “Kristal Abşeron” indiyə qədər 17 tikinti layihəsini tamamlayıb, daha 12 layihə üzrə işlər davam etdirilir.

Tikinti maqnatı olan deputatımız bütün gücünü, enerjisini “Kristal Abşeron”un idarə edilməsinə, yeni layihələrin icrasına yönəldir. Onun parlament iclaslarında aktiv olmaması, çıxış etməməsi, cəmiyyəti narahat edən problemləri qabartmaması da təsdiq edir ki, əslində Vəliyev üçün millət vəkilliyi o qədər də böyük önəm kəsb etmir, seçiciləri onu maraqlandırmır. A.Vəliyev üçün əsas prioritet biznes, yüzmilyonluq tikinti layihələridir.

Qanunvericiliyə əsasən, millət vəkili sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Hüquqi baxımdan Vəliyev sahibkar deyil, lakin Azərbaycandakı biznes mühitindən xəbərdar olan hər kəs bilir ki, Vəliyev faktiki sahibkardır və gündəlik iş rejiminin böyük hissəsini biznes üçün ayırır. Belə olan halda A.Vəliyevin millət vəkili seçilmək istəyi anlaşılmır. Hər halda Vəliyev Azərbaycana bir sahibkar kimi daha çox fayda verə bilər, nəinki bir siyasətçi kimi...

Böyük ehtimalla Vəliyev yenidən millət vəkili seçiləcək və bu mühüm postu tutmaqla o, Milli Məclisin fəaliyyətinin passivləşməsinə “fayda” verəcək.

Tehsil-press.az

Oxşar xəbərlər