Professor Dilarə Seyidzadə BDU tələbələrinə ustad dərsi keçib

Professor Dilarə Seyidzadə BDU tələbələrinə ustad dərsi keçib Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Gender və tətbiqi psixologiya kafedrasının təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində birinci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin “Ailə dəyərlərinin qorunmasında qadınların rolu” mövzusunda ustad dərsi keçirilib.

Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova və Gender və tətbiqi psixologiya kafedrasının müdiri Rəna İbrahimbəyova Dilarə Seyidzadənin uzun illər Ulu Öndər Heydər Əliyevə sədaqətlə xidmət etdiyini, böyük idarəçilik və zəngin həyat təcrübəsinə sahib əsl Azərbaycan xanımı olduğunu qeyd ediblər. Bildiriblər ki, bu görüş həm tələbələr, həm də professor-müəllim heyəti üçün dəyərli təcrübə olacaq.

Professor Dilarə Seyidzadə çıxışında Ulu Öndər Heydər Əliyevin qadınlara yüksək diqqət və qayğısından söz açıb: “Ölkəmizdə məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə gender bərabərliyi üçün hüquqi baza və ictimai-siyasi əsaslar yaradılıb. Qadın hüquqlarının qorunması və qadınların cəmiyyət həyatının müxtəlif sahələrində yüksək fəallığının təmin olunması vacib prioritetlərdən biri kimi müəyyənləşdirilib, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilib. Ulu Öndərin imzaladığı bir çox fərman və sərəncamlar qadın hüquqlarının müdafiəsinə yönəlmişdi”.

Professor qadınların ailənin və cəmiyyətin idarə olunmasında mühüm mövqeyə sahib olduqlarını qeyd edib: “Ev təsərrüfatının idarə olunması, uşaqların təlim-tərbiyəsi,  sağlam ailə mühitinin formalaşdırılması qadının əsas vəzifələrindən sayılır. Müasir dövrdə qadınlar ailə qayğılarının öhdəsindən ləyaqətlə gəldikləri kimi, bütün fəaliyyət sahələrinin aktiv iştirakçısına çevriliblər”.

Professor Dilarə Seyidzadə ailə dəyərlərinin qorunması üçün gənc psixoloqların üzərinə böyük məsuliyyət düşdüyünü, onların insanların həyatda düzgün istiqamətlənməsi üçün bələdçi olduqlarını bildirib.

Sonda iştirakçıların mövzu ətrafında çoxsaylı sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər