Minaya düşən məktəblilərin atası: “5-10 heyvanı satıb, uşaqların təhsilinə pul ayırdıq”

Minaya düşən məktəblilərin atası: “5-10 heyvanı satıb, uşaqların təhsilinə pul ayırdıq” 2022-ci ildə Ermənistanla sərhəddə yerləşən Quşçu Ayrım kənd sakinləri Cavad Nuriyev və bacısı Nabat Nuriyeva təsərrüfatda qoyun otaran zaman yanlarında mina partladığı üçün xəsarət almışdılar.

Cavad hazırda Qazax rayonu Yavər Mirzəyev adına Quşçu Ayrım kənd tam orta məktəbin IX sinfində, Nabat isə XI sinfində təhsil alır.

AzEdu.az Təhsil Portalı olaraq minaya düşmüş uşaqların hazırkı vəziyyətini öyrənmək üçün onlarla əlaqə saxladıq.

Cavad gələcəkdə Neft-qaz mühəndisi olub, SOCAR-da işləmək istəyir.

Atası Mikayıl Nuriyevin sözlərinə görə o, I ixtisas qrupu üzrə hazırlaşır.

Cavad bu il 9-cu sinifdə, Nabat isə 11-ci sinifdə təhsil alacaq. O, Neft-qaz mühəndisi, Nabat isə Azərbaycan dili və ədəbiyyat müəllim olmaq istəyir. Ailənin maddi vəziyyəti zəif olduğundan imkanları çatdığı qədər uşaqları hazırlıqlara qoyurlar. 9 nəfərlik ailədə nənə babanın pensiyası ilə uşaqların təhsil almasına dəstək olurlar.

Cavad minaya düşəndən sonra təxminən bir ay məktəbə getməyib. O qeyd edir ki, o, dostlarıyla meydançada futbol oynamağı çox sevir. Hadisədən sonra sinif yoldaşlarından bəziləri də onu ziyarətə gəlib, tək buraxmayıblar.

Cavadın atası Mikayıl Nuriyev ilə bir qədər də hadisənin olduğu günə qayıtdıq…

“Hadisənin olduğu ərazi evimizin yaxınlığıdır. Əmim gilin evi tərəf… Biz həyətdə iş gördüyümüz üçün heyvanları oturmağa Cavad getmişdi. O, zibillik olan ərazidə gəzərkən qumbaranı görüb, oyuncaq zənn edib. Oturuqlu vəziyyətdə əlinə alanda isə artıq partlayış baş verib. Qızım Nabat o an qardaşına su apardığı üçün zərbədən onun da qolu yaralanmışdı. Partlama səsini biz evdən eşitdik. Öz özümüzə dedik ki, görəsən bu nə idi? Aradan 5 dəqiqə keçmişdi ki, Cavad üz-gözü al-qan içində üstümüzə sarı qaçdı. Sinəsi, baldırları, sağ əlinin baş barmağı, üzü-gözü tamamilə yanmışdı… İndi də minanın fəsadları onun bədənindədir.

Hadisədən sonra Cavad qızılca olmuşdu. Vəziyyəti ağır olduğundan onu həkimə apardıq. Həkim təəccüblə soruşdu ki, “uşağın bədənində qəlpə yoxdur ki?” Onda bildirdik ki, vaxtı ilə minaya düşüb. Əmin olmaq üçün rentgenə saldıq. Məlum oldu ki, sinəsində 3 qəlpə var. İmkanımız olmadığından hər hansısa müdaxilə edə bilmədik.

Cavad 2 ildir yayda şortik geyinməyə həsrətdir. Ayaqlarında yanıq izləri qaldığı üçün ancaq şalvar geyinir. Əlimizdə olan 5-10 heyvanı satıb, ancaq uşaqların təhsilinə pul ayıra bilirik. Çünki bu il ikisinin də imtahanı var. Boğazımızdan kəsib, var gücümüzlə onların oxuması üçün çalışırıq.

Hadisədən sonra bir neçə ay müddətində Azərbaycan Qızıl Aypara Cəmiyyətindən gələn psixoloqlar Cavadla maraqlandılar. Amma indi də o, gecələr rahat yata bilmir, sayıqlayır… Yatanda qapını kilitləyirik ki, oyanıb, qaçmasın…".

Ata da əsgərlikdə olarkən bədənində qəlpə qalıb. O, qeyd edir ki, qəlpə ağrıları yaş artıqdan sonra hiss olunur. Əvvəllər ağrı hiss etməsə də, indi o da, ağrıların çoxluğundan şikayətçidir.

Tehsil-press.az

Oxşar xəbərlər