Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfəri orduda və əhalidə böyük ruh yüksəkliyi yaradıb

Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfəri orduda və əhalidə böyük ruh yüksəkliyi yaradıb Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri son günlərin ən diqqətçəkən hadisəsi kimi yadda qaldı. Dövlətimizin başçısının hərbi hissədə əsgər və zabitlərin xidmət şəraiti, onların təminatı ilə tanış olması, hərbçilərlə, şəxsi heyətlə, sakinlərlə görüşü bir daha göstərdi ki, cəbhə xəttindəki durum, əsgərlərimizin şəraiti, təmas xəttində yaşayan əhalinin vəziyyəti, problemləri diqqət mərkəzindəki ən əsas məsələlərdəndir.

Prezidentin və ölkənin birinci xanımının, xüsusilə cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndi və Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndində sakinlərlə görüşü nəinki düşmənlə üz-üzə dəyanətlə dayanan, öz iş-gücündə olan bu insanlarda, əsgər və zabitlərdə, eyni zamanda, bütün ölkə əhalisində böyük ruh yüksəkliyi yaratdı. Böyük təhlükəyə baxmayaraq, Ali Baş Komandan bütün riskləri göz önünə aldı, təmas xəttində yerləşən yaşayış məntəqələrinə getdi və insanlarla görüşdü. Prezident və xanımı Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində yaralı sakinlərə də baş çəkdilər.
Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına bu səfər bir daha təsdiq etdi ki, dövlətimizin başçısı bütün məsələləri şəxsi nəzarətində saxlayır, bilavasitə yerlərə səfər edərək vəziyyəti qiymətləndirir, lazımi qərarlar qəbul edir, tapşırıqlar verir. Azərbaycan Prezidenti hər bir vətəndaşın, xüsusilə cəbhə bölgəsində yaşayan insanların problemlərinə həssaslıqla yanaşır, onların müdafiəsini gücləndirmək, həyat və iş şəraitini, güzəranını yaxşılaşdırmaq üçün bütün lazımi tədbirləri görür.
Prezident İlham Əliyev növbəti dəfə öz liderlik, prinsipiallıq və mərdlik nümunəsini bütün cəmiyyətə təqdim etdi. Bu isə o deməkdir ki, Ali Baş Komandanımızın rəhbərliyi altında vuruşan Azərbaycan əsgəri bundan sonra da düşmənə layiqli cavab verəcək, işğal altındakı ərazilərimizin azad olunması, Vətən torpağının müdafiəsi üçün son damla qanına kimi vuruşacaq.
Ağdam rayonunun Mahrızlı kənd sakini Bakir Hüseynov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfər etməsi, kənd sakinləri ilə görüşməsi camaatda qələbəyə inamı daha da artırdı. Dövlətimizin başçısı bu səfəri ilə bir daha göstərdi ki, hər bir vətəndaşın Prezidentidir. Qayğımıza yüksək səviyyədə qaldığı üçün Prezidentimizə ürəkdən minnətdarıq”.
Kəndin digər sakini Allahverdi Məmmədov isə fikirlərini belə ifadə edib: “Prezident İlham Əliyevin belə çətin gündə görüşümüzə gəlməsi, xalqın yanında olması hər bir kənd sakininə böyük sevinc bəxş edib, toxtaqlıq verib. Biz tam arxayın olduq ki, işğal altındakı torpaqlarımız azad ediləcək. Prezidentimizlə qürur duyuruq. Allaha şükürlər olsun ki, belə enerjili, xalqını sevən, onun qayğısına qalan Prezidentimiz var”.
Qarabağ müharibəsi veteranı Sərdar İsmayılov Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın cəbhə bölgəsinə səfərinin sakinlərdə qələbəyə inamı, orduya güvəni daha da artırdığını deyib: “Ermənilərin kəndi artilleriya atəşinə tutmasına, evlərin dağılmasına baxmayaraq, biz ordumuza inanır və kəndi tərk etmirik. Ali Baş Komandan İlham Əliyevin bu səfəri ilə orduya, qələbəyə inamımız daha da artdı. Hamımız əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan tezliklə azad edəcəyik”.
“Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında yerli əhali və hərbçilərimizlə görüşərək düşmənin törətdiyi vəhşiliklər nəticəsində yaranmış vəziyyətlə, xidməti şəraitlə tanış olmaları və tapşırıqlarını verməsi biz veteranların da qəlbini sonsuz fərəh hissi ilə doldurub. Bu səfər bir daha göstərdi ki, ölkə rəhbəri cəbhə bölgəsində yaşayan insanların problemlərinə həssaslıqla yanaşır, onların müdafiəsini gücləndirmək, həyat və iş şəraitini, güzəranını yaxşılaşdırmaq üçün bütün lazımi tədbirləri görür”.
Bu fikirləri isə Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev bildirib.
“Biz veteranlar inanırıq ki, Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə bundan sonra da layiqli cavab verəcək, torpaqlarımızın müdafiəsi və işğaldan azad olunması uğrunda yeni şücaətlər göstərəcək”, - deyə Dadaş Rzayev qeyd edib.
Ehtiyatda olan general-mayor bildirib ki, ki, dövlətimizin başçısının və xanımının cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Mahrızlı kəndlərində və qoşunların təmas xəttinə yaxın digər məntəqələrdə sakinlərlə görüşləri, Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində yaralılara baş çəkmələri həm də Ali Baş Komandanın bütün məsələləri şəxsi nəzarətində saxlaması, vəziyyətlə bağlı operativ qərarlar qəbul etməsinin göstəricisidir.
Sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib: “Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cəbhəboyu zonanın ön xəttinə səfər edərək sakinlərlə, hərbi qulluqçularla görüşü bir daha sübut etdi ki, dövlətimizin başçısı həmişə olduğu kimi, ən çətin məqamda da ön xəttə xidmət edən əsgər və zabitlərin, təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalinin yanındadır”. O bildirib ki, Ali Baş Komandan səfər çərçivəsində ön xətdəki real vəziyyəti, qoşunların döyüş hazırlığının səviyyəsini yoxladı, mühüm tapşırıqlarını verdi. Bu səfər Azərbaycan Prezidentinin bütün məsələləri daim şəxsi nəzarətində saxladığını, bilavasitə yerlərə səfər edərək vəziyyəti ətraflı qiymətləndirdiyini və lazımi qərarlar qəbul edərək vacib tapşırıqlar verdiyini bir daha göstərdi. Həmçinin onu sübut etdi ki, Azərbaycan Ordusunun hazırlığı ən yüksək səviyyədədir və Silahlı Qüvvələrimiz torpaqlarımızın işğaldan azad olunması uğrunda Ali Baş Komandanın döyüş əmrinə hər an hazırdır.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, deputat Şahin İsmayılov bildirib: “Əslində bu səfərlə Prezident İlham Əliyev öz ənənəsini davam etdirdi. Biz hər zaman dövlətimizin başçısının bayram günlərini, öz ad gününü məhz xalqın arasında keçirməsinin şahidi olmuşuq. Bu dəfə də Azərbaycan Prezidenti istirahət günü olmasına baxmayaraq, regiona səfər etdi və yaranmış vəziyyətlə yaxından tanış oldu. Yaralanmış, yaxınlarını itirmiş, evləri dağılmış insanlar bütün çətinliklərini unudaraq dövlətimizin başçısını yüksək əhval-ruhiyyə ilə qarşıladılar. Burada da Azərbaycan xalqının və Prezidentinin möhkəm birliyi müşahidə olundu. Heç şübhəsiz, kifayət qədər yüksək əhval-ruhiyyədə olan ordumuzun şücaəti Ali Baş Komandanın bu səfərindən sonra daha da artacaq. Belə güclü ordu, belə güclü Ali Baş Komandan ilə heç şübhə yoxdur ki, yaxın vaxtlarda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.


Tehsil-press.az

Oxşar xəbərlər