Quru sərhədlər mərhələli şəkildə açılır... - Deputat danışdı

Quru sərhədlər mərhələli şəkildə açılır... - Deputat danışdı Azərbaycanda koronavirus pandemiyası və təhlükəsizlik məsələləri səbəbindən 5-ci ildir ki, quru sərhədlər bağlıdır. Naxçıvanda qeydiyyatda olanların quru yolla Türkiyəyə gediş-gəlişinə icazə verilsə də, quru sərhədlər hələ də açılmayıb.

Zaman-zaman bu mövzu gündəmə gəlsə də, karantin rejiminin uzadılması ilə bağlı verilən qərarlar müzakirələrə son qoymuşdu. Ötən gün Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin yaydığı məlumatda iki ölkə arasında dəmir yolu ilə sərnişin daşınmasının mayın 1-dən bərpa olunmasının müzakirə edildiyini açıqladı.

Bu, Azərbaycanın digər ölkələrlə quru sərhədlərinin mərhələli şəkildə açılıb-açılmayacağı barədə suallar doğurub.

Mövzu ilə bağlı danışan millət vəkili Ceyhun Məmmədov hesab edir ki, bundan sonra digər ölkələrlə də quru sərhədlərinin açılması məsələsi gündəmə gələ bilər:

"Əslində, bu məsələ çox müzakirə olunub. Təəssüf ki, adətən, birmənalı qarşılanmır. Hamı bilməlidir ki, quru sərhədlərlə bağlı məsələ həm də təhlükəsizlik məsələsidir. Cənab Prezident bunu dəfələrlə də öz çıxışlarında da deyib. Təhlükəsizlik bizim üçün hər şeydən önəmlidir.

Gürcüstanla məsələyə gəldikdə isə bu, artıq müsbət dəyişiklikdir. Əlaqələrimizin güclənməsini nəzərə alaraq, artıq deyə bilərik ki, quru sərhədlərin açılması ilə bağlı qərar qəbul edilib. Mərhələli şəkildə digər məsələlərə də baxılacaq. Sadəcə vətəndaşlar bir az səbirli olmaldırlar. Bilməlidirlər ki, bunun təhlükəsizlik tərəfləri var. Zamanla bu məsələlərin hamısına baxılacaq və öz həllini tapacaq.

Bir azdan sonra görəcəyik ki, dövlət artıq digər məsələlərə də baxır", - deyə o əlavə edib.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun 2024-cü ilin dekabrında imzaladığı qərara əsasən, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 aprel 2025-ci il saat 06:00-dək uzadılıb.

Tehsil-press.az


Oxşar xəbərlər