
Qurumdan verilən məlumata görə, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün “Laser Beauty Klinikası”nın həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati aktı ilə dayandırılmış, müəssisəyə martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulmuşdu.
Lakin, orada tibbi prosedurların davam etdirilməsi barədə məlumatlar alınıb. Bununla əlaqədar olaraq, baş həkim Rəna Soltanovanın iştirakı və təqdim etdiyi sənədlər əsasında klinikada Səhiyyə Nazirliyi tərəfindən yoxlama keçirilib.
Yoxlamanın nəticəsi olaraq, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə müvafiq olaraq, “LASER BEAUTY ESTETİK KLİNİKASI” MMC-yə inzibati xəta haqqında protokol tərtib edilib və Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.
Qeyd edək ki, İXM-nin 210.1-ci maddəsi lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmaqdan bəhs edir. Bu maddənin tələblərini pozan fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
Tehsil-press.az