
Hüquqşünas Əkrəm Həsənov bu barədə açıqlamasında bildirib ki, regionlarda işsizliyin səbəbi təkcə iqtisadi deyil, həm də hüquqi və inzibati sahələrdəki ciddi çatışmazlıqlardır:
“Bu problem təkcə bu günün deyil, illərdir davam edən struktur problemdir. Ən sadə səbəb budur ki, paytaxtda pul qazanmaq olur, regionlarda isə açıq desək, bir çoxunda ümumiyyətlə, iş yeri yoxdur. İnsanlar sadəcə yaşamaq üçün deyil, pul qazanmaq üçün çalışır. Amma regionda bu imkan yoxdur”.
Ə.Həsənov deyib ki, ölkə daxilində təkcə Bakı ilə regionlar arasında deyil, regionların bir-biri ilə də əlaqəsi çox zəifdir. Nəqliyyat infrastrukturunun natamamlığı iqtisadi əlaqələrin qurulmasını mümkünsüz edir:
“Xəritəyə baxın - məsələn, Qubadan Şəkiyə, oradan da Gəncəyə getmək daha qısa məsafədir. Amma birbaşa yol yoxdur. Hamı Bakıya qayıtmalı, sonra oradan digər bölgəyə getməlidir. Bu, təkcə yol problemi deyil, regionlar arası əlaqəsizliyin simvoludur.
Sahibkarlıqla məşğul olmaq istəyən bir insan üçün bu, əsl maneədir. Hər şey Bakıda cəmlənib, mallar Bakıya gəlir, oradan bölgələrə gedir, kapital buradan idarə olunur. Əslində, insan regionda hər hansı iqtisadi fəaliyyətlə məşğul olmaq istəyirsə, ilk sual budur ki, mənə sabah dövlət təminat verəcəkmi? Qanun yanımdadırmı? Amma bu təminat yoxdur. Əksinə, nə qədər Bakıdan uzaqlaşırsansa, qanunsuzluq, özbaşınalıq daha çoxdur. Naxçıvan Muxtar Respublikası bunun ən bariz nümunəsidir. Hamımız gördük ki, mərkəzdən uzaq ərazilərdə vəziyyət necə idi”.
Hüquqşünasın sözlərinə əsasən, regionların inkişafı üçün real islahatlara və hüquqi dövlətin prinsipial tətbiqinə ehtiyac var:
“İnsanlar öz bölgəsində işləmək, yaşamaq, gəlir əldə etmək istəyirlər. Amma onlar hüquqdan, qanundan əmin olmadıqca, nə sahibkarlar, nə də sadə vətəndaş bölgədə qalmaq istəyir. Buna görə də regionların inkişafı yalnız fiziki layihələrlə yox, hüquqi təminatla da həyata keçirilməlidir”.
Tehsil-press.az