Noyabrın 24-25-də Bakıdan Naxçıvana uzanan möhtəşəm siyasi və ictimai xətt Azərbaycan dövlətinin, xüsusilə də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi uzaqgörən siyasətin daha bir parlaq təntənəsi kimi tarixə düşdü. Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarını ilk dəfə bir araya gətirən TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu, sadəcə, bir tədbir deyil, Türk dünyasının gələcək inteqrasiyasını müəyyən edən strateji mərhələ, yeni ideoloji koordinat sistemi, XXI əsr Türk birliyinin qüdrət manifesti oldu. Bu forum bir daha göstərdi ki, Azərbaycan regionda nəinki siyasi və iqtisadi liderdir, həm də Türk dünyasının intellektual, humanitar və vətəndaş cəmiyyəti birliyinin lokomotividir. Bu liderliyin mərkəzində isə Prezident İlham Əliyevin qlobal xarakterli dövlətçilik strategiyası dayanır.Bu sözləri açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərov söyləyib.
O bildirib ki, Bakıdakı açılış mərasimi türk dövlətlərinin tarix, mədəniyyət və ideoloji yaxınlığının canlı nümayişinə çevrildi. Prezident İlham Əliyevin Forumda oxunan məktubu həm iştirakçılara siyasi mesaj, həm də bütöv türk coğrafiyasına strateji istiqamət oldu. Dövlətimizin başçısının Qarabağ Zəfərini “bütün Türk dünyasının qələbəsi” adlandırması bir daha göstərdi ki, Azərbaycan təkcə öz ərazilərini azad etmədi, o, Türk dünyasının gələcək əməkdaşlığı üçün yeni qapılar açdı, yeni siyasi fəlsəfə formalaşdırdı. Prezident İlham Əliyevin vurğuladığı Zəngəzur dəhlizi isə, sadəcə, logistika xətti deyil, bu, Türk dünyasının qovuşuğu, dövlətlərimizi birləşdirən tarixi ipək yolunun müasir təcəssümü, strateji baxımdan isə siyasi birliyin mərkəzi arteriyasıdır.
“Forumun ən mühüm paneli məhz Zəngəzur dəhlizinə həsr edilmişdi. Burada səslənən fikirlər təsdiq etdi ki, Zəngəzur dəhlizi Türk dünyasının “birlik xəritəsini” yenidən çəkir, bu dəhliz siyasi gücün, iqtisadi inteqrasiyanın və mədəni yaxınlığın sintezidir və QHT-lər bu dəhlizin humanitar dayağını təşkil edəcək. Məhz buna görə Zəngəzur dəhlizi artıq yalnız nəqliyyat layihəsi deyil milli ideologiyamızın, türk birliyinin vahid gələcək konsepsiyasının əsas sütunlarından biridir. Bu konsepsiyanın müəllifi də elə Azərbaycan lideridir. Forum çərçivəsində keçirilən Azərbaycan - Qazaxıstan QHT əməkdaşlıq paneli isə iki qardaş ölkənin vətəndaş cəmiyyətləri arasında institusional əməkdaşlığın yeni mərhələsinin başlanğıcını qoydu. Bu fakt həm də onu göstərir ki, Azərbaycan artıq təkcə siyasi-diplomatik deyil, həm də vətəndaş cəmiyyəti diplomatiyasının regional mərkəzinə çevrilib. Bu, Prezident İlham Əliyevin illərdir qurduğu “yumşaq güc”, “humanitar diplomatiya” modelinin praktiki nəticəsidir”, - deyə K.Qənbərov vurğulayıb.
Ekspert əlavə edib ki, TDT-nin QHT Platformasının məhz Naxçıvanda təsis olunması təsadüfi deyil. 2009-cu ildə TDT-nin təməl daşları burada qoyulmuşdu. 2025-ci ildə isə burada yeni bir səhifə açıldı - Türk Dövlətləri Təşkilatının QHT Platforması rəsmi olaraq formalaşdırıldı. Bu qərarın böyük məna yükü var: Türk dünyasının vətəndaş cəmiyyəti xəritəsi yenidən cızıldı, bu xəritənin mərkəzi Bakı oldu, ilk sədrliyin Azərbaycana verilməsi ölkəmizin liderliyinin rəsmi tanınması demək idi və Prezident İlham Əliyevin Türk birliyi xəttində apardığı siyasət daha bir institusional qələbə qazandı. Həmçinin Naxçıvan bir daha Türk dünyasının simvolik paytaxtlarından biri kimi mövqeyini təsdiqlədi.
“Azərbaycanın son illərdə Türk dünyası ilə inteqrasiyada göstərdiyi təşəbbüskarlıq məhz Prezident İlham Əliyevin strateji baxışının, milli maraqlara söykənən qətiyyətinin, qardaş ölkələrlə siyasi-mədəni birliyi genişləndirmək iradəsinin nəticəsidir. Bu gün Azərbaycan dünya miqyasında regional güc, qlobal prosesləri istiqamətləndirən aktor statusunu daşıyır. TDT çərçivəsində yeni platformanın yaradılması ölkəmizin liderliyinin davamlı xarakter daşıdığını və Azərbaycanın Türk dünyasının gələcək arxitekturasında həlledici rol oynadığını göstərir. Bakı-Naxçıvan forumu türk dövlətlərinin QHT-lərini ilk dəfə vahid struktura birləşdirdi, Zəngəzur dəhlizinin ideoloji və mədəni əhəmiyyətini təsdiqlədi, Türk dünyasının vətəndaş cəmiyyəti inteqrasiyasının əsasını qoydu və Azərbaycanın nüfuzunu, qlobal təsir dairəsini daha da genişləndirdi. Bu gün artıq Türk dünyasının gələcəyi daha aydın görünür. Bu gələcəyin mərkəzində isə Azərbaycan dayanır. Bu mərkəzin strateji memarı isə Prezident İlham Əliyevdir. İnteqrasiya yolunda atılan bu addımlar bir daha sübut edir ki, XXI əsr Türk dünyasının yüksəliş əsridir - bu yüksəlişin bayraqdar dövləti isə Azərbaycandır”, - deyən K.Qənbərov fikirlərini tamamlayıb.
Tehsil-press.az






