Demokratiya gözəldir, deyilmi?

Demokratiya gözəldir, deyilmi? Məndən bəzən dostlar, tanışlar soruşur ki, axı niyə həmişə narazısan? Cavab verirəm ki, mənə lap Dünyanı versələr də, nə qədər ki, Azərbaycanda əsl, mən deyən qədər demokratiya olmayacaq, mən daim narazı olacam.
Bilirsiniz, demokratiya təəccübləndirir, heyrətləndirir, adama yaşamağa stimul verir, mübarizəyə həvəsləndirir, adamda özünə hörmət, “Mən də bir insanam, bir şəxsiyyətəm, məndən də nəsə asılıdır, mənim də fikrim, münasibətim nəzərə alınır” duyğusunu yaradır...
Elə son iki seçki haqda da –Ukraynadakı prezident, xüsusən də ki, qardaş Türkiyədəki bələdiyyə seçkisi barədə düşünərkən ağlımıza gələn ilk fikir bu oldu ki, həqiqətən də demokratiyanın bütün nəticələrini irəlicədən hesablamaq mümkün deyil və onun gözəlliyi də elə bundadır.
Ələlxüsus Türkiyədəki seçkiləri böyük maraqla izlədik. Bunun təhlili, prezident R.T.Ərdoğanı və partiyasını bundan sonra nələrin gözlədiyini qeyri bir yazıda qələmə aldığımızdan onları burada təkrar etməyəcəyik.
Bu sətirlər yazılarkən də hələki seçkinin nəticələri, bəzi bölgələrdə səslərin sayılması ilə bağlı müəyyən narazılıqlar da vardı. Amma əsas bu deyil, odur ki, qardaş Türkiyədə hər şey, xüsusən də hakimiyyət məsələsi yalnız seçki yolu ilə həll olunur və heç kim hakimiyyətə “əbədi qeydiyyat”a düşməyibdir.
Əlbəttə, bizə müəyyən ümidlər verir bu, çünki Türkiyə təkdir, demək olar ki, İslam dünyasında bir nümunədir; yaşarlı, dayanıqlı olsa, nümunə artacaq, genişlənəcək və digər müsəlman ölkələrinə də sirayət edəcək.
Təsəvvür edin, orada bələdiyyə seçkilərinə bu qədər maraq var! İllərdir ki, bizim insanlar, xüsusən yerli idarəetmənin qanunvericilik bazası ilə məşğul olanlar gileylənirlər ki, bu qədər pul ayırırıq, amma nə bələdiyyə strukturlarına maraq göstərənlər var, nə də bələdiyyə seçkisinə!..
Bizə elə gəlir, düşünürük ki, bunun da səbəblərini haradasa uzaqlarda və yaxud da millətin təfəkkürünün “mental qatlar”ında axtarmaq lazım deyil. Bu məsələnin iki əsas səbəbi var.
Birincisi, bizim seçkilərin hamısı, o cümlədən də elə bələdiyyə seçkiləri bir seçki kimi problemlidir – bizdə seçki hələ demokratik institut kimi formalaşa bilməyib, biz ondan daha çox tərtibat kimi istifadə edir və bir qayda olaraq seçki yox, seçkinin immitasiyasiyasını keçiririk. Məsələnin bir tərəfi budur.
O ki qaldı ikinci səbəbə, bizim bələdiyyələr bir idarəetmə institutu, strukturu kimi bir qara quruşa belə dəyməz. Elə bu səbəbdən də onlara imkanı yalnız bələdiyyələrə düşməyə çatanlardan, heç olmasa, bələdiyyə mülkiyyəti deyilən şeydən bir azacıq satıb -talamaq eşqilə yaşayanlardan savayı heç kim maraq göstərmir.
Amma siz onlara da Türkiyədəki kimi səlahiyyətlər verin, normal bələdiyyə seçkiləri keçirin, sonra baxın, görün ki, insanlar bələdiyyələrə maraq göstərirlər, ya yox? Əlbəttə ki, göstərəcəklər. Bir daha deyirik ki, bu, tək bələdiyyə seçkilərinə aid deyil, cəmi seçkilərlə bağlı bunu demək olar - əsl seçici o vaxt olur ki, əsl seçkilər olur...
Düzdür, hələ müəyyən mübahisələr var Türkiyədə, amma baxın, paytaxtda hakim partiya seçkini uduzur! Bax, əsl seçki belə gözlənilməz detallarla zəngin olur.
Amma biz nə edirik? On illərdir ki, məsələn, bizim parlamentin “siyasi konfiqurasiyası” dəyişmir – bütün mandatlar hakim partiyanın üzvlərinin və tərəfdarlarının payına düşür, digər partiyalarsa nadir nüxsə kimi parlamentdə bir, ya da uzağı iki mandatla təmsil olunurlar.
Ən maraqlısı da budur ki, elə həmin “partiya”ların özləri də bu cür konfiqurasiyanın və ya vəziyyətin qalmasında maraqlıdırlar, çünki əgər əsl demokratik seçki keçirilsə bu bir-iki mandatı da ala bilməzlər; necə deyər, əl əli yuyur, əl də üzü...
Seçkilərlə bağlı bilirsinizmi, bizi həmişə qorxudan sual nədir? Birdən kimsə seçkilərin coğrafiyası ilə, necə deyər, elektoral coğrafiya maraqlana bilər. O halda biz nə edərik? Qeyd edim ki, bəndəniz bir dəfə belə pərtliyi yaşayıbdır.
Bir dəfə bizdən parlament “seçki”lərindən birini regionlar üzrə təhlil etmək xahiş olunmuşdu. Bir az bozardıq, bir az qızardıq və sakitcə dedik ki, bəs bizdə belə şey olmur, bütün regionlarda bir partiya qalib gəlir...
Qərəz, vəziyyət belədir. “Bizdə o əjdahadan niyə yoxdur?” sualının əslinə qalsa, çox sadə cavabları var. Amma bütün hallarda nikbinik. Heç bilirsinizmi, niyə? Türkiyə Böyük Millət Məclisi təsis olunanda Atatürk Əli bəy Hüseynzadəyə də Məclis üzvü olmağı təklif edibmiş. Amma ki, Əli bəy “Mən təkpartiyalı parlamentin üzvü ola bilmərəm” deyə həmin təklifdən imtina edibmiş. Baxın, azəri türkü bir əsrdir ki, əsl demokratiya intizarındadır. İnşallah, o gün gələcək. Geci-tezi var...

Hüseynbala Səlimov

Oxşar xəbərlər