Anım tədbirində universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov açılış nitqi ilə çıxış edib. Prorektor Zəfərə gedən yolun inşasına həsr olunan çıxışında 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun başlatdığı, sonradan “Dəmir Yumruq” adını alan və Vətən müharibəsinə çevrilən əks-hücum əməliyyatının səbəb və nəticələrinə toxunub. 44 günlük Vətən müharibəsinin həlledici məqamlarına və böyük Zəfərin qazanılmasının əsas amillərinə diqqət çəkən Yusif Qasımov qeyd edib ki, Azərbaycan Ordusunun erməni işğalı altında olan öz torpaqlarını tarixdə görülməmiş sürətlə və sevgiylə azad etməsi xalqın birliyinin, Azərbaycan əsgərinin mübarizliyinin və Azərbaycan prezidentinin qətiyyətinin nəticəsidir. Prorektor Anım Gününün təsis olunmasının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, gənclər həm şəhidlərimizin xatirəsini əziz tutmalı və qorumalı, həm də Azərbaycanın daha da güclənməsinə töhfə vermək üçün çalışmalıdırlar.
Daha sonra tədbirin qonağı, Qarabağ müharibəsi veteranı, “Tərəqqi” medallı jurnalist, İctimai Televiziyanın Qarabağ müxbiri Şöhrət Eyvazovun çıxışı dinlənilib. Şöhrət Eyvazov çıxışında Vətən müharibəsi dövründə xalqın informasiya ilə təmin edilməsinin vacibliyini vurğulayıb, Azərbaycan jurnalistlərinin bu dövrdəki fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib. Müharibə təcrübəsini tələbələrlə bölüşən jurnalist cəbhədən hazırladığı material və reportajları təqdim edib, Qarabağ müharibəsinin həyatında ən böyük məktəb olduğunu bildirib. Şöhrət Eyvazov Birinci və İkinci Qarabağ müharibələrində öz peşə vəzifəsini yerinə yetirərkən şəhid olan jurnalistlər haqqında da məlumat verib, 1988-2020-ci illərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn bütün qəhrəmanları, həmçinin media şəhidlərini xatirəsini yad edib.
Tehsil-press.az