78 yaşında vəfat edən Xalq artisti Ramiz Quliyev KİMDİR... - DOSYE

78 yaşında vəfat edən Xalq artisti Ramiz Quliyev KİMDİR... - DOSYE Azərbaycan musiqisinin görkəmli nümayəndəsi, Xalq artisti Ramiz Quliyev dünyasını dəyişib.

Mərhum sənətçinin həyat və yaradıcılığı haqqında dosyesini təqdim edir.

Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda qulluqçu ailəsində anadan olub. Musiqi təhsilinə 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbində başlayıb, 1960-cı ildə isə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964–1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.

Ağdam musiqi məktəbi illərində "Şur" xalq çalğı alətləri ansamblında fəaliyyət göstərən R.Quliyev müxtəlif müsabiqə və festivallarda iştirak edib. 1957-ci ildə Bakıda keçirilən Respublika festivalında I yer, 1961-ci ildə Moskvada keçirilən "Xalq təsərrüfatı nailiyyətləri sərgisi"ndə isə medal və fəxri fərmanlarla təltif olunub.

1964–1994-cü illərdə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının və Dövlət konsert birliyinin solisti olub. 1974–1992-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında müəllim, baş müəllim, dosent və professor kimi çalışıb, 1992–2002-ci illərdə kafedraya rəhbərlik edib.

R.Quliyev Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə, Pakistan, Əlcəzair, Hindistan, ABŞ, Kanada, Fransa, İngiltərə, İsrail və digər ölkələrdə konsertlər verib. 1988-ci ildə ABŞ-də UNESKO xətti ilə keçirilən Beynəlxalq folklor festivalında yüksək ifaçılıq məharətinə görə xüsusi diplomla təltif olunub. 1989-cu ildə isə Yaponiyanın 30-dan artıq şəhərində konsert proqramı ilə çıxış edib.

O, həmçinin Türkiyə, İsrail və İran universitetlərində "ustad dərsləri" verərək yeni nəsil musiqiçilərin yetişməsinə töhfə verib.

1981 və 1984-cü illərdə XVIII və XIX çağırış Nəsimi rayonu Xalq Deputatları Sovetinə seçilmiş, respublikada keçirilən bir çox müsabiqə və festivallarda münsiflər heyətinin sədri kimi fəaliyyət göstərmişdir.

Ramiz Quliyev son illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətini davam etdirirdi.

Tehsil-press.az

Oxşar xəbərlər