Psixoloqlar öz işlərini normal həyata keçirsələr, məktəblərdə mütəmadi olaraq gördüyümüz mənfi hadisələrin qarşısı alına bilərmi?
Təhsil eksperti Məzahir Məmmədli açıqlamasında bildirdi ki, məktəb psixoloqları ilə bağlı fikirlər zaman-zaman həmişə səslənib:
"Son vaxtlar artıq bu sahə üzrə müəyyən ixtisaslı kadrların yerləşdirilməsi məsələsi gündəmə gəlib və bu, demək olar ki, böyük məktəblərdə həyata keçirilib. Amma pis hal həm də odur ki, hər min şagirdə bir psixoloqun olması məktəbdə yaranan neqativlərin qarşısını almaq gücündə, iqtidarında deyil. Psixoloqların sinif otaqları belə yoxdur. Onların istifadə üçün müəyyən alətləri yoxdur. Şagirdlə, valideynlə söhbət üçün onlara xüsusi otaq ayrılmayıb. Psixoloqlarla bağlı problem həllini o vaxt tapa bilər ki, psixoloqlar sertifikasiyadan keçsin, onların ixtisasa uyğunluğu yoxlanılsın. Ondan sonra artıq biz psixoloqlarla bağlı hansısa ürək açan söhbətlər edə bilərik".
Ekspertin sözlərinə görə, məktəbdə baş verən bütün hadisələri psixoloqlarla əlaqələndirmək bir az yanlış olar:
"Çünki cəmiyyətimiz müəyyən qədər aqressivləşib, artıq ailədən tərbiyə almayan uşaqlar var ki, məktəb mühitini korlayırlar. Nəinki məktəb mühitini, hətta ictimaiyyət, cəmiyyət arasında da müəyyən neqativlərlə yadda qalırlar. Ona görə də bu məsələdə hər min şagirdə düşən bir psixoloqun üzərinə müəyyən yükü qoymaq məncə ədalətsizlik olar. Amma ümumilikdə məktəblərdə işləyən psixoloqların hamısı o ixtisas sahibidirmi? Bu artıq başqa bir mövzudur və düşünürəm ki, yaxın vaxtlarda psixoloqların sertifikasiyası keçirilməsə, bunu tezliklə asanlıqla müəyyən etmək mümkün olmayacaq".
Tehsil-press.az















