Bakıda məktəb psixoloqlarının konfransı keçirilib

Bakıda məktəb psixoloqlarının konfransı keçirilib Bakı şəhər ümumi təhsil müəssisələrində çalışan psixoloqların iştirakı ilə “XXI əsr insanının psixi sağlamlığı: uşaqlar, cəmiyyət, gələcək” adlı konfrans keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil edilən konfrans Ümumdünya Psixi Sağlamlıq Gününə həsr edilib.
Tədbir iştirakçıları əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Konfransda BŞTİ-nin müdiri Mehriban Vəliyeva Ümumdünya Psixi Sağlamlıq Gününün tarixindən danışıb. Bildirib ki, 1992-ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə BMT-də qeyd olunan Ümumdünya Psixi Sağlamlıq Günü beynəlxalq günlər siyahısına daxil edilib.
M.Vəliyeva ümumi təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin daha etibarlı təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə məlumat verib. İdarə müdiri çıxışı zamanı məktəb psixoloqlarının çalışdıqları təhsil müəssisələrində şagirdlərə səmərəli psixoloji dəstək göstərmələrinin vacibliyini vurğulayıb.
BŞTİ-nin müdiri, həmçinin məktəblərdə psixoloji işin düzgün qurulması, psixoloqların maarifləndirilməsi, onlarda məktəb mühitini düzgün analizetmə qabiliyyətinin formalaşdırılması, valideynlərlə işin təşkili və hesabatlılıq məsələlərinə toxunub.
Daha sonra çıxış edənlər “Psixi sağlamlıq nədir?”, “Zərərli vərdişlərdən qorunmaq üçün maarifləndirici tədbirlərin təşkilində psixoloqun rolu”, “Uşaq və yeniyetmələrdə yuxu pozuntusu”, “Uşaq və yeniyetmələrdə major depressiv pozuntu və intihar davranışları”, “Yeniyetmələrin cinsi tərbiyəsi”, “Uşaqların fiziki inkişafında psixi sağlamlığın rolu” mövzularında fikirlərini bildiriblər.
Konfransın sonunda məktəb psixoloqlarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları düşündürən suallara aydınlıq gətirilib.

Tehsil-press.az


Oxşar xəbərlər