“Bakı Metropoliteni” QSC 2024-cü il üzrə maliyyə fəaliyyətini 139,62 milyon manat xalis zərərlə yekunlaşdırıb. Ortaya çıxan bu göstərici ictimaiyyətdə metroda gedişhaqlarının artırılması ehtimalı ilə bağlı suallar yaradıb. Maraqlıdır, 139,62 milyon manatlıq xalis zərər birbaşa qiymət artımına səbəb ola bilərmi?Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, sözügedən zərər birbaşa olaraq qiymət artımı ilə əlaqələndirilməməlidir.
Ekspertin sözlərinə görə, hazırda “Bakı Metropoliteni” bir neçə irimiqyaslı layihə üzərində çalışır:
“Yeni xətlərin çəkilməsi, geriyədönmə məntəqələrinin və xətt ayrılmalarının inşası, eləcə də 2040-cı ilə qədər Bakı metro şəbəkəsinin şaxələndirilməsi planları ciddi maliyyə xərcləri tələb edir. Bu layihələr xərclərin artmasına səbəb olan əsas amillərdəndir”.
Aslan Əsədov qeyd edib ki, metro yalnız infrastruktur layihələri deyil, eyni zamanda gündəlik istismar, təhlükəsizlik, texniki xidmət və sərnişin daşımalarının davamlılığı üçün də böyük vəsait sərf edir:
“Bakı metrosunda sərnişin sıxlığı yüksəkdir. Əhali gündəlik olaraq intensiv şəkildə metropolitendən istifadə edir. Lakin bu sıxlığın özü də əlavə problemlər və əlavə xərclər yaradır. Sərnişin axınının çox olması avtomatik olaraq gəlirlərin xərcləri üstələməsi demək deyil”.
Ekspert vurğulayıb ki, metro sisteminin saxlanılması və inkişafı üçün müəyyən meyarlar mövcuddur və bu meyarlar Bakı kimi iri şəhərlər üçün daha spesifik xarakter daşıyır:
“Bu baxımdan xalis zərərin olması tarif artımının baş verəcəyi anlamına gəlmir. Qiymət məsələsi daha geniş iqtisadi və sosial faktorlar nəzərə alınmaqla dəyərləndirilməlidir”.
Qeyd edək ki, hazırda rəsmi qurumlar tərəfindən metroda gedişhaqlarının artırılması ilə bağlı hər hansı qərar açıqlanmayıb.
Tehsil-press.az












