"Bir il keçdi" - Azəri belə yad etdi

Aktyor Azər Baxşəliyevin ölümündən bir il ötür.

Mərhum aktyorun dostu, aparıcı İlkin Həsəni bununla bağlı paylaşım edib. O, yayımladığı arxiv görüntülərində dostunu belə yad edib:

"Bir il keçdi. Zamanın ölçüsü dəyişdi sanki. Günlər keçdi, fəsillər dəyişdi, amma bəzi səslər olduğu yerdə qaldı. Gülüşün və bir cümləni yarımçıq qoyub baxışınla tamamladığın anlar, arxiv videolarda donub qalan saniyələr ağır gəlir. Çünki bilirsən ki, o anlar geri qayıtmır. Amma itib də getmir. Bir il əvvəl həyat bir "pauza" düyməsinə basdı, sonra yenidən davam etdi. Amma ritmi tamam başqa cür idi. Hamı "zaman hər şeyi sağaldır" dedi. Zaman sağaltmadı, öyrətdi. Yoxluqla yanaşı yaşamağı, boş qalan yerləri xatirələrlə doldurmağı, səssizliyin bir də dili olduğunu. Bu videolarda təkcə sən yoxsan: dostluq, səmimiyyət, heç vaxt yarım qalmayacaq ümidlər var. Kadrlar dəyişir, amma hiss dəyişmir. Sən bizim yaddaşımızda həmişə eyni qalacaqsan: olduğun kimi, səsinlə, baxışınla, zarafatlarınla. Biz buradayıq, səsninlə bağlı hekayələri danışmağa davam edirik. Güləndə səni xatırlayırıq, elə susanda da. Çünki getmək yox olmaq demək deyil. Bəzən sadəcə başqa cür qalmaqdır. Bir il oldu, sənin yoxluğunla yaşamağı bacardıq, amma alışmadıq. Alışmaq da istəmirik, çünki sən bizim həyatımızın keçmişi yox, içində qalan bir hissəsisən. Darıxırıq, darıxacayıq".

Qeyd edək ki, Azər uzun sürən böyrək çatışmazlığından sonra ötən ilin yanvarında vəfat edib.

Tehsil-press.az

Oxşar xəbərlər