Mədəni irs, siyasət və simvolizm niyə toqquşur?15 aprel 2019-cu ildə Paris Notr-Dam kilsəsi yananda Fransa sadəcə bir memarlıq abidəsini yox, öz tarixi yaddaşının bir hissəsini itirdiyini düşündü. O gecə bütün dünya alov içində qalan qülləni izləyirdi. Bu, adi yanğın deyildi, Avropanın öz keçmişi ilə münasibətinin sarsıldığı an idi. Altı il sonra - 2025-ci ildə isə məlum oldu ki, Notr-Dam üçün əsas təhlükə alov yox, siyasi ambisiya və ideoloji müdaxilədir.
“Bərpa” adı altında yenidən yazılan tarix
Rəsmi Parisin planı sadə səslənirdi: Notr-Dam bərpa olunacaq. Prezident Emmanuel Makron 2019-cu ilin aprelində çıxış edərək açıq demişdi: “Biz Notr-Damı 5 ilə bərpa edəcəyik və onu öz dövrümüzün möhürü ilə geri qaytaracağıq”. Bu cümlə sonradan Fransa mətbuatında dəfələrlə sitat gətirildi, çünki problem məhz buradaydı: “öz dövrümüzün möhürü”. 2024-2025-ci illərdə məlum oldu ki, hökumət və Paris arxiyepiskopluğu kilsənin cənub neflərində yerləşən, yanğından zərər görməmiş XIX əsrə aid altı vitrajın dəyişdirilməsini planlaşdırır. Onların yerinə müasir rəssam Klert Bure (Claire Buret) tərəfindən hazırlanmış vitrajlar qoyulmalı idi. Bu qərar Le Figaro, Le Monde, Liberation və La Croix qəzetlərində geniş müzakirə olundu, Fransa cəmiyyətini faktiki olaraq 2 düşərgəyə böldü.
Arxiyepiskop və prezident: simvol üzərində ittifaq
Paris arxiyepiskopu Loran Ulrix (Laurent Ulrich) layihəni müdafiə edərək 2024-cü ilin payızında “La Croix” qəzetinə müsahibəsində belə demişdi: “Notr-Dam canlı məkandır. O yalnız keçmişin muzeyi ola bilməz, müasir insan da bu məbədin bir hissəsi olmalıdır”. Bu fikir dərhal siyasi kontekstə düşdü, çünki Emmanuel Makron da illərdir mədəniyyətin “müasir iz buraxmaq” funksiyasını vurğulayırdı. Onun Yelisey sarayındakı müşavirləri qeyri-rəsmi söhbətlərdə açıq etiraf edirdilər ki, Notr-Dam “V Respublikanın simvoluna” çevrilməlidir. Bu isə artıq bərpa yox, simvol uğrunda siyasi əməliyyat idi.
Tarixçilər və memarlar həyəcan təbili çalırlar
Mübahisənin digər tərəfində Fransa elitasının ciddi hissəsi dayanırdı. Tarixçi və memarlıq irsi üzrə ekspert Aleksandr Gadi (Le Figaro, 12 yanvar 2025) açıq yazırdı: “Yanğından sağ çıxmış vitrajları sökmək vandalizmdir. Bu, restavrasiya deyil, ideoloji redaktədir”. Məşhur memar Jan-Mişel Vilmott isə “France Inter” radiosundakı çıxışında belə demişdi: “Notr-Dam laboratoriya deyil, burada eksperiment aparmaq olmaz.” Onun sözlərinə görə, Violle-le-Duc-un XIX əsrdə etdiyi dəyişikliklər belə öz dövrü üçün bərpa məntiqinə uyğun idi, siyasi nümayiş yox idi.
Xalqın reaksiyası: 200 min imza və susmayan Paris
2025-ci ilin fevralında tarixçi Didye Rüknerin təşəbbüsü ilə vitrajların dəyişdirilməsinə qarşı onlayn petisiya başladıldı. Bir neçə həftə ərzində 200 mindən çox imza toplandı. Paris küçələrində sorğular aparan BFM TV-nin reportajında yaşlı parisli qadının dediyi cümlə geniş rezonans doğurdu: “Notr-Dam Makronun bioqrafiyası üçün fon deyil”. Bu cümlə sosial şəbəkələrdə sitata çevrildi.
Simvolizmin dərin qatları: niyə məhz vitrajlar?
Vitrajlar sadəcə şüşə deyil. Orta əsr Avropasında onlar xalq üçün Bibliya idi - oxumağı bilməyən insanlar üçün hekayə danışırdı. Onları dəyişmək, əslində, vizual yaddaşı dəyişməkdir. Mədəniyyətşünas Sofi Varon (Le Monde, mart 2025) yazırdı: “Vitrajlar işıqla yaddaş arasında körpüdür. Onları dəyişmək işığın ideoloji filtrdən keçməsi deməkdir”. Bu, artıq sənət məsələsi deyil, hakimiyyətin tarix üzərində nəzarət cəhdidir. Mübahisə Fransa ilə məhdudlaşmır, Notr-Dam hadisəsi müasir Avropanın ümumi xəstəliyini üzə çıxarır: keçmişlə barışa bilməmək; tarixi irsi ya ideallaşdırmaq, ya da yenidən yazmaq ehtirası; siyasi liderlərin öz dövrlərini daş üzərində əbədiləşdirmək arzusu.
Avropa bu gün heykəlləri sökür, adları dəyişir, vitrajları yeniləyir. Amma sual budur: bu, gələcəyə baxışdır, yoxsa keçmişdən qaçış? Notr-Dam mübahisəsi göstərdi ki, mədəni irs toxunulmaz zona deyil, siyasi mübarizə meydanıdır. Amma bu meydanda hakimiyyət həmişə qalib gəlmir. Tarix yaddaşdır. Yaddaş isə zorla dəyişdiriləndə müqavimət yaradır. Paris bunu artıq görür, Avropa isə hələ də anlamağa çalışır. Notr-Damın daşları susur, amma onun ətrafında gedən mübahisə çox şey deyir.
Mədəni irs siyasi bioqrafiyanın dekoru kimi
Makron özünü “qlobal vasitəçi” kimi təqdim etməyi sevir. O, Putinlə telefon danışığı apardı, Zelenski ilə şəkillər çəkdirdi, Baydenlə, sonralar isə Trampla qucaqlaşdı, Afrika liderləri ilə sammitlər keçirdi. Bəs nəticə? Le Monde 2024-cü ildə çox dəqiq yazmışdı: “Makron diplomatiyası jestlər üzərində qurulub, nəticələr üzərində yox”. Fransa nə Rusiya-Ukrayna müharibəsində real təsir gücünə malik oldu, nə Yaxın Şərqdə söz sahibi kimi qaldı, nə də Avropanın təhlükəsizlik gündəmini müəyyənləşdirə bildi. Makronun diplomatiyası instaqram diplomatiyasıdır - kadr var, effekt yoxdur.
Onun ən ağır mirası Afrikadadır. Makronun dövründə Fransa faktiki olaraq Saheldən sıxışdırılıb çıxarıldı. Mali, Burkina-Faso, Niger - bir vaxtlar Parisin təsir zonasında olan ölkələr bir-bir Fransa qoşunlarını qovdu. Bu, sadəcə geosiyasi məğlubiyyət deyil, tarixi nüfuzun çökməsidir. Makron Afrikaya “bərabər tərəfdaşlıq” vəd edirdi, amma real siyasət dəyişmədi. Nəticədə Fransa orada nə etibarlı müttəfiq, nə də qorxulan güc kimi qaldı.
Makronun daxili siyasəti isə ayrıca mövzudur. “Sarı jiletlər” hərəkatı onun dövrünün simvoluna çevrildi. Pensiya islahatı Fransa cəmiyyətini iki yerə böldü. Polis zorakılığı, etirazların boğulması, parlamentdən yan keçilməsi - bunlar Makronun “liberal lider” portretinə uyğun gəlmirdi. Liberation açıq yazırdı: “Makron Fransa xalqı ilə danışmır, onu tərbiyə etməyə çalışır”. Bu isə demokratik lider yox, texnokrat monoloqudur. Notr-Dam kompleksi - daş üzərində iz qoymaq ehtirası. Bütün bu siyasi nəticəsizlik fonunda Makron Fransa tarixinin simvoluna çevrilmiş tarixi abidəyə əl uzadır. Sual yenə qüvvəsindədir: “Sən neylədin ki, üstəlik Notr-Damda iz də buraxmaq istəyirsən?”
- De Qoll Fransa dövlətçiliyini xilas etdi.
- Mitteran yeni Avropanın siyasi memarlarından biri oldu.
- Pompidu Fransa mədəniyyətini dünyaya çıxardı.
Bəs Makron nə etdi? O, tarixə düşmək üçün tarixi dəyişməyə çalışır. Vitrajlar, simvollar, mədəni irs onun üçün siyasi CV-nin dekoruna çevrilir. Notr-Dam ondan ötrü müqəddəs məkan deyil, öz adını həkk etmək üçün platformadır. Bu isə sanballı dövlət xadiminin yox, ambisiyalı, amma nəticəsiz liderin davranışıdır. Tarix mesajı sevir, amma saxtasını qəbul etmir. Tarix boş iddianı heç kəsə bağışlamır. Daş üzərinə ad yazmaqla tarixə düşmək olmur; tarixə düşmək üçün əvvəlcə tarix yaratmaq lazımdır. Adı tarixə qızıl hərflərlə həkk olunmuş İlham Əliyev kimi. Makronun problemi ondadır ki, dövrünün böhranlarını həll etmədi, onları sadəcə estetikləşdirdi. Notr-Dam bu estetikləşdirmənin simvoludur. Emmanuel Makronun özünə verməli olduğu sual sadədir: mən Fransa və dünya üçün nə iş gördüm? Bu suala cavab yoxdursa, vitrajlar da köməyə çatmayacaq. Çünki tarix şüşə üzərinə yazılmır. Tarix xalqların taleyindən yaranır.
Kəramət QƏNBƏROV,
Beynəlxalq hüquq üzrə ekspert
Beynəlxalq hüquq üzrə ekspert
Tehsil-press.az






