İsveçrə mətbuatı təhsil, araşdırma və innovasiya üzrə dövlət katibinin Azərbaycana səfərindən yazır

İsveçrə mətbuatı təhsil, araşdırma və innovasiya üzrə dövlət katibinin Azərbaycana səfərindən yazır İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell’Ambrogionun 2018-ci il oktyabrın 29-30-da Azərbaycana səfəri İsveçrə İctimai Radio və Televiziya Korporasiyasının beynəlxalq xidməti olan swissinfo.ch saytında işıqlandırılıb.
Məqalədə İsveçrənin dövlət katibinin Azərbaycan tərəfi ilə təhsil, elmi araşdırmalar və innovasiya sahəsində əməkdaşlığın gücləndirilməsi barədə saziş imzaladığı bildirilir. Vurğulanır ki, Mauro Dell’Ambrogio Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Dövlət katibinin bu səfəri İsveçrə Federal Şurasının üzvü Yohan Şnayder-Ammanın iqtisadi missiyasının davamıdır.
Məqalədə qeyd edilir ki, Mauro Dell’Ambrogionun azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi görüşdə peşə təhsili məsələlərinə xüsusi diqqət yetirilib. Azərbaycanda yerli iqtisadiyyatı şaxələndirmək üçün peşə təhsilinə böyük maraq var. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə də peşə təhsili sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin, həmçinin İsveçrə universitetləri ilə bir sıra əməkdaşlıq sazişləri imzalamış ADA Universiteti, ABB laboratoriyası və “Holcim” şirkətinin təhsil mərkəzinin yerləşdiyi Bakı Ali Neft Məktəbini də ziyarət etdiyi məqalədə vurğulanır.

Hikmət Əliyev

Oxşar xəbərlər